İranda həbsdə olmuş azərbaycanlı alim bu ölkənin “Sazan Elektronics İndustry” şirkətini məhkəməyə verəcək-FOTO

25 Avqust 2010 13:33
Bunu İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev "Trend" BİA-nın mətbuat konfransı zalında keçirdiyi brinfiqdə deyib: "10 gündür həbsdən evə buraxılmışam, səhhətimlə bağlı ciddi problem var. "Sazan Elektronics İndustry" şirkətini məhkəməyə verməyi düşünürəm".

Rəşid Əliyev daha sonra bildirib ki, o, İran şirkəti ilə gizli layihələr həyata keçirmək haqqında müqavilə imzalamayıb: "Biz, ilk öncə, mülki lazer texnologiyası istehsal edirdik. İstehsal etdiyimiz lazer texnologiyaları uğurlu satış olunurdu. Sonra hərbçilər sifarişlər etdilər və mən onlar üçün bu işi görməkdən imtina etdim". O, əlavə edib ki, həbsdə olduğu müddətdə 4-5 dəfə həbsxananı dəyişiblər: "Çünki hansı həbsxanaya aparırdılar, azərbaycanlı qüvvələr ətrafıma toplanırdı, mənə hörmət edir, ölkədə baş verən xəbərləri çatdırırdılar. Onlar bundan qorxub, mənim yerimi tez-tez dəyişirdilər".

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb.

/Trend/