Kral məhkəməyə verildi: "Mən sənin qızınam"

20 İyun 2013 12:54
45 yaşlı Delfin Boel iddia edir ki, kralın qızıdır. Boel iddiasının təsdiqlənməsi üçün DNT testlərinin keçirilməsini tələb edib.

Milli.Az AA-ya istinadən bildirir ki, Brüssel şəhər məhkəməsi prosesi iyunun 25-dək təxirə salıb.

Belçikada kralın mütləq toxunulmazlığı olduğundan onun məhkəməyə getməsi və ya DNT testləri üçün qan nümunəsi verməsi mümkün deyil. Bu səbəbdən testlər üçün şahzadələr - 53 yaşlı Filipp, 51 yaşlı Astrid və 50 yaşlı Loranın qan nümunələri alınacaq.

Kralın qızı olduğunu illər əvvəl iddia etmiş heykəltaraş Boelin rəsmi atası 760 milyon avroluq sərvətə malik biznesmen Jak Boeldir. Atasının övladlıqdan çıxardığı Delfin Boelin krala qarşı iddiasını anası baronessa Sibill dəstəkləyir.

"Məqsədim kralın mirasına sahib çıxmaq deyil. Kral mənimlə, doğma qızı ilə görüşmək istəmir. Dəfələrlə ona müraciət etsəm də, məni rədd edib. Bu səbəbdən atamı, Belçika kralını məhkəməyə vermişəm ki, məni rəsmən tanısın", - Delfin Boel deyib.

Belçika qanunvericiliyinə görə, DNT testləri Delfin Boelin kralın doğma qızı olduğunu təsdiqləsə belə, kral bunu qəbul etməyə bilər.

Milli.Az