Məşhur avtomobil markası 2.7 milyon ədəd maşını geri çağırır

19 İyun 2013 11:43
ABŞ-ın "Chrysler" konserni özünün müxtəlif illərdə istehsal olunmuş 2.7 milyon ədəd "Jeep" markalı avtomobillərini könüllü olaraq geri çağırır.

Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət bununla da Milli yol hərəkətinin təhlükəsizliyi idarəsinin (National Highway Traffic Safety Administration, NHTSA) tələbini yerinə yetirmiş olur.

İdarənin yaydığı məlumatda deyilir ki, bu hansı bazarlardakı avtomobillərə aid olacağı hələ ki məlum deyil.

Belə ki, ilkin ehtimallara görə, bu, 1993-2004-cü illərdə istehsal olunmuş "Jeep Grand Cherokee" və 2002-2007-ci illərdə istehsal edilmiş "Jeep Liberty" avtomobillərinə şamil olunacaq.

Maşınların geri çağırılmasına səbəb isə bu avtomobillərin yanacaq çəninin maşının arxa hissəsində quraşdırılmasıdır. Ehtimal olunur ki, arxadan vurularaq qəza törədilən zaman çəndəki yanacaq avtomobilin içinə sıza bilər və bununla da avtomobildə yanğın yarana bilər.

Konsern rəsmiləri mətbuata geri çağırılmanın şirkətə neçəyə başa gələcəyini açıqlamaqdan boyun qaçırsalar da, mütəxəssilər bunun "Chysler" şirkəti üçün 300 milyon başa gələcəyini bildirirlər.

Milli.Az