Kirpiklərin oxdur...

8 İyun 2013 11:40
Deyirlər, Allah insanı necə yaradıbsa, o həmin insanın ən gözəl halıdır. Amma çox vaxt anadangəlmə hallarına qane olmayan insanlar zamanla özlərinə əl gəzdirirlər. Bir az qaşdan, bir az gözdən deyə-deyə insan bir də özünə baxdıqda aynada tamamilə başqa insan görür. Bu isə həmin "baxımın" nəticələri olur. Xüsusən dəyişiməyə qadınlar meylli olur. Sonunun nə ilə nəticələnəcəyini bilərək riskə getmək isə qadınlar üçün problem deyil.

Üz cizgiləri ilə oynamaq, üzü olduğundan daha fərqli etmək, cizgiləri böyütmək, kiçiltmək hazırda ən çox dəbdə olan prosedurlardır. Bunlar üçün müxtəlif kosmetoloji salonlar və baxım mərkəzləri mövcuddur. Qiymətlər əl yandırsa da, bura müraciət edənlər də az deyil. Əvvəllər ən çox dəyişdirilən hissə saçlar, rəngləri, uzunluqları idisə, zamanla saçların yerini dodaqların böyüdülməsi, dırnaqların süni formada uzadılması, qaşların silinib yenidən tatu edilməsi və bu kimi qeyri-təbii olan prosedurlar dəbə gəldi. Artıq alına çatan qaşlı, caynaqlı xanımları görmək elə də çətin deyil. İndi isə xanımların ən çox meyl etdiyi lazer epilyasiyaları və qoyma qaynaq kirpiklərdir. Epilyasiyanın zərərləri və ola biləcək faydaları haqqında kifayət qədər məlumat olsa da qaynaq kirpiklər haqqında elə də məlumat yoxdur. Halbuki, hər kəsin ilk baxışda vurulduğu kirpiklər sonradan insanın olan-qalan kirpiklərini də aparmağa qadirdir.

Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləyirlər. Belə boyalar marketlərdə də satılır və 50 qəpik civarındadır. Bu boyalarla salonlarda kirpiklər də boyanır və boyanmış kirpiklər prosedurdan sonra daha parlaq və canlı görünür. Əlbəttə ki, kiprikləri uzatmaq, onları rəngləmək, qalınlığını artırmaq tuş vasitəsi ilə də mümkündür. Ancaq kipriklərin cəlbedici burulmasını əldə etmək o qədər də asan deyil. Məhz buna görə kosmetik salon xidmətləri sırasında kirpiklərin kimyəvi burulması daha geniş yayılmaqdadır.

Kosmetoloq Maya Məmmədovanın sözlərinə görə, bu proses olduqca ağrısız və fəsadsızdır. Kirpikləri səliqə ilə xüsusi biqudilərin üzərinə yerləşdirərək, onların üzərinə xüsusi fiksəedici tərkib sürtürlər. Təxminən 15-20 dəqiqədən sonra isə kirpiklər hazır olur: "Belə burulan kirpiklərin müddəti 3 aya kimi davam edir. Yəni burulmuş kirpik tökülməyənə kimi o buruqluq düzəlmir. Mənfi tərəfi odur ki, kirpiyin bu üsulla burulması onların ağarmasına səbəb olur. Ağaran kirpiklər isə süni boyalarla boyanılır. Təbii ki, belə kirpiklərə qulluq vacib olur ən azından yatmadan əvvəl yağla qidalandırılmalıdır. Çünki kirpik də saç kimidir, quruyur və kövrək olur. Bəzən müraciət edən xanımların gözlərində problem olur. Problem dedikdə allergiyalar, göz xəstəlikləri nəzərdə tutlur. Belə insanlara kirpik burdurmağı məsləhət görmürük, çünki kirpiyə sürtülən məhlul gözləri kəskin qıcıqlandıra bilər".

Kosmetoloq bildirir ki, xanımlar kirpik qaynağı üçün çox müraciət edir. Bəzən elə xanımlar olur ki, onların, həqiqətən, belə qaynaqlara ehtiyacı olur. Bəzən isə "pulumu verib elətdirirəm" deyən müştərilər normal kirpiklərinə əlavə kirpiklər də qoydururlar. Bunların ziyanı qətiyyən yoxdur demək yalan olar: "Kirpiklərin tək-tək uzadılması zamanı süni kirpiklər insanın təbi kirpiklərinin dibinə yapışdırılır. Təxminən bir gözə 60-70 kirpik yerləşdirilir. Bu gözün uzunluğundan asılıdır. 3 ay müddətində qalan kirpiklər hər ay korrektə olunur. Belə uzadılan kirpiklərin qiyməti baha olur. Amma, ucuz yolları da var ki, bu kirpiklərin dəstə halında göz qapağına yerləşdirilməsidir. Belə kirpiklər satışda olan qoyma kirpiklərə bənzəyir amma daha nazik olur. Diskonfort hissi yaradır. Çünki gözə ağırlıq verir və ilk baxışdan süni kirpik olması diqqəti cəlb edir. Belə kirpiklər insanın öz kirpiklərinin də yolunmasına səbəb olur. Kirpik qoyulduqdan sonra bu anadan gəlmə kirpik kimi rahatlıq verməz. Əli gözə vurmamaq, ovxalamamaq, ehtiyatla yumaq lazımdır. Bir sözlə, diqqət gözlərdə olmalıdır. Keyfiyyətli salonlarda edilən qaynaqlar vaxt keçdikcə nəzərə çarpmayacaq formada tökülür, amma keyfiyyətsiz salonlarda edilən qaynaqlar insanın təbii kirpiklərinin də tökülməsinə, göz qapağının zədələnməsinə səbəb olar".

Linza istifadə edən insanlar üçün kirpik qaynağı isə tam bir fəlakətdir. Çünki linza kirpik qalma müddətini çox aza endirir. Üstəlik gözləri ilə bağlı narahatlığı olan insanlar belə kirpiklərdən əziyyət çəkər. Gözə düşən neylon kirpiklər allergiyaların yaranmasına, gözlərin qızarmasına, hətta şişməsinə səbəb olur. Necə gəldi yatmaq, hətta ağlayıb gözləri silmək də kirpiklərin ömrü üçün zərərlidir. Bəzən qadınlar qısa bir müddətdən sonra öz təbii kirpiklərinə qayıtmaq istəyirlər. Kirpiklərə edilən müdaxilələr təbii kirpiklərin də qopmasına səbəb olur. Qaynaq etdirməyib evdə kirpik qoyan xanımlar da zaman-zaman xüsusi kirpik yapışdırıcısından deyil, super kleylərdən istifadə edirlər. Bu kleylər kirpik diblərində yanıqlar əmələ gətirir və estetik eybəcərlik yaradır.

Qeyd edk ki, kirpik qaynağı arzu edən qadınlar bunun üçün 50-100 manatından keçməlidirlər, üstəlik kirpik tökülməsini, göz qapaqlarının zədələnməsi, keyfiyyətsiz edilərsə gözlərə mikrob düşməsi, kirpiklərin allergiya verməsini nəzərə alaraq.

Ekspress.az