Tibb ocaqları ilan sancma hallarına qarşı zərdabla kifayət qədər təmin olunub

7 İyun 2013 20:50
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonlarda ilan sancma hallarının artması zərdaba ehtiyac məsələsini gündəmə gətirib. Göygöl və Samux mərkəzi rayon xəstəxanalarında ilan zəhərinin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Bunun üçün tibb ocaqlarında zərdab ehtiyatı ayrılıb.

Yay mövsümünün gəlişi ilə ilan sancma halları tez-tez müşahidə olunmaqdadır. Xüsusi ilə aqrar rayonlarda bu cür hadisələrə tez-tez rast gəlinir. Ötən ay Samuxda iki, Göygöldə isə bir nəfər ilanvurma ilə xəstəxanaya gətirilib. Hər üç xəstəyə vaxtında tibbi müdaxilə edilib və həyatları xilas olunub. Göygöl Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, tibb ocağında iran zəhərinə qarşı zərdabla bağlı heç bir problem yaşanmır.

Göygöl MRX-nın baş həkimin müavini Eldar Muradov: "İlan zəhərinə qarşı biz həmişə ehtiyat görürük. Onu da bildirim ki, bu ilin may ayında bizə çox ağır vəziyyətdə belə bir xəstə müraciət etdi. Cərrahiyyə şöbəsində ilkin yardım göstərildi. Ona göstərilən ilkin yardımın əsasını da zərdab təşkil etdi".

Adətən rayonlarda ilan sancan şəxsləri yerli tibb ocaqlarına deyil, şəhər xəstəxanalarına aparırlar. Ötən mövsüm 18 ilan sancma halının müşahidə olunduğu Samuxda xəstələrin əksəriyyəti Gəncə şəhərində müalicə olunub.

Ötən il respublika üzrə ilan sancma faktları daha çox Samux rayonunda müşahidə olunub. Hətta bir nəfər bədbəxt hadisənin qurbanı olub.

Samux Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, qarşıdan gələn yay mövsümünə hazırlıq çərçivəsində tibb ocağına kifayət qədər zərdab ayrılıb. Hətta rayon mərkəzindən 65 kilometr aralıda yerləşən kəndlər üçün iki həkim məntəqəsinə də zərdab ehtiyatı verilib.

Samux MRX-nın şöbə müdiri Rəfail Əsədov: "Bir nəfər Eldar zonasından gəlib. Bir nəfəri isə Sarıqamış kəndində ilan sancıb. İlan sancan şəxs bir başa Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ancaq ikinci xəstə bizə gətirilib və burada zərdab vurulduqdan sonra Gəncə şəhərinə göndərilib".

Qeyd edək ki, əvvəlki illərdə Samux rayonunda ən çox ilan sancma halları Eldar zonasında müşahidə olunub. Bu cür hallarda isə yerli əhalinin köməyinə ilkin olaraq dövlət sərhəd xidmətinin əməkdaşları gəlib.

Milli.Az