Ağaxan Abdullayev: "25-30 tələbənin içindən bir Alim Qasımov çıxırsa, mənə bəs edir" - FOTO

7 İyun 2013 16:22
Azərbaycanın xalq artisti Ağaxan Abdullayevin APA-ya müsahibəsi

- Ağaxan müəllim, səhhətinizdə problem vardı. İndi özünüzü necə hiss edirsiniz?

- Şükür Allaha ki, indi yaxşıyam. Özümü çox gümrah hiss edirəm. Hər işimi də özüm görürəm. Onsuz da səhhətimlə bağlı ciddi problemim olmayıb. Sadəcə, soyuqdəymə nəticəsində qulağımda fəsad yaranmışdı. Həmin problem də Azərbaycanda düzgün müalicə olunmadığından, dövlətimizin və şəxsən Mehriban xanım Əliyevanın köməkliyi ilə xaricdə ambulator müalicə aldım. Müalicə müddətində heç bir xəstəxanada yatmamışam və əməliyyat da olmamışam. Fikrim var ki, yay aylarında yenidən səhnə fəaliyyətinə başlayım. Xalqım üçün, səhnə üçün, sənətim üçün çox darıxmışam. Bilirəm ki, xalqımız da mənim üçün çox darıxıb. Bilirsiniz, sənətkar həmişə xalqın gözü önündə olur, onlarla ünsiyyətdə olur. Mən də artıq iki ildir səhnədən uzaqlaşmışam. Şükürlər olsun ki, artıq səsim də yerindədir. Bir neçə verilişə dəvət almışam və artıq yavaş-yavaş muğamlarımızı yenidən ifa etməyə başlamışam. Xəstə olduğum müddətdə deyirdim Pərvərdigara, yenidən bu muğamları ifa edə, bu boğazları edə bilərəmmi? Dolurdum, amma ağlamırdım. Daxilimdə nə qədər həyəcan keçirsəm də, bunu heç kimə bildirmirdim. İndi isə ifa etdikcə bir daha özümə sübut edirəm ki, həqiqətən də mən həmin Ağaxanam və muğamı yenidən ifa edəcək güc var məndə. Bir məsəl var. Deyirlər "qatıq dağılar, yeri qalar, ayran dağılar, nəyi qalar?" İndi bu sənət elə sənətdir ki, əsl sənətkarsansa, gərək hər halda ifa edə biləsən. Səs yerində olanda hamı oxuyur. Əsas məsələ səs yerində olmayanda oxumaqdır. Bunu isə yalnız ustadlar bacarır.

- Deyirlər ki, dost dar gündə tanınar. Xəstə olduğunuz müddətdə sizin dost ələyinizdən kimlər keçə bilmədi?

- İnsana həyatda ailəsindən yaxın heç kim olmur. Düzdür, qohumlar, dostlar, tanışlar da var. Allah onların da canını sağ  eləsin. Amma bir şeyi də deyim ki, əgər mən bu az müddətdə xəstə olmasaydım, xalqımızın və dövlətimizin mənə olan sevgisini, hörmətini bu dərəcə də olduğunu bilməzdim. Tək qohumların, dostlarım yox, Azərbaycanın elə bir guşəsi olmadı ki, oradan zəng edib səhhətimlə maraqlanmasınlar. İndinin özündə nə qədər zənglər alıram. Deməli, mən hələ varam və hələ də məni istəyirlər.

- Amma yenə də narazı qaldığınız məqamlardan danışmadınız...

- Bilirsiniz, hər şeyi danışmaq olmur. Bu, hansısa çəkingənlikdən irəli gələn bir şey deyil. Bu, insanın mədəniyyətindən, qabiliyyətindən asılı olan bir şeydir. Sözsüz ki, hər bir insanın olduğu kimi, sənətkarın da sevəni də olur, sevməyəni də. Amma sənətkarlıqdan əlavə, insan kimi xalq arasında elə bir yol qoyub, elə bir hörmət qazanmışam ki, onların əksəriyyətinin mənə böyük hörmətləri var. Bir gün mən olmayanda da haqqımda yaxşı sözlər danışıb, övladlarımı hörmətlə qarşılayacaqlar.

- Muğam ustadlarından dərs alıb, bu mərtəbəyə qalxmısınız. Bəs bu gün sizlərdən təhsil alan gənclərin ustad olmaq şansları varmı?

- Şükür Allaha ki, aralarında istedadı, ifası ilə qənaətbəxş olanları var. Muğam müsabiqələri də onların inkişafına çox böyük köməklik göstərir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqələr və muğama olan diqqət və qayğı gənclərin muğama olan marağını daha da artırır. Düzdür, əvvəllər bu o dərəcədə də deyildi. Amma indi Azərbaycan muğamı dünyanın şah əsəri səviyyəsinə çatıb. Müəllim sözsüz ki, tələbəyə yol göstərir, muğamın sirlərini öyrədir. Biz tələbəyə muğamın əlifbasını öyrədirik. Pedaqoji fəaliyyətim dövründə əgər mənim yüzlərlə tələbəm olubsa, onlardan yalnız bir neçə nəfəri tanınmış ola bilər. Amma Alim kimisi elə bir dənə olur. Yəni müəllimin zəhməti də hədər getməyəndə, 25-30 tələbənin içindən bir Alim Qasımov çıxırsa, mənə bəs edir. Düşünürsən ki, bəli, zəhmətim hədər getməyib. Elə Alimi ustad adlandırmaq olar. Alim böyük sənətkardır və əlbəttə ki, mən onunla fəxr edirəm.

- Ağaxan müəllim, bildiyiniz kimi, tar UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Amma iranlılar tarın onların musiqi aləti olduğunu iddia edirlər. Bu iddialara necə cavab verərsiniz?

- Bilirsiniz, yaxşı nə varsa, onun müştərisi çox olur. Amma lazımsız bir şey olanda hamı ondan üz döndərir, boyun qaçırır. Bu məsələ bir daha sübut edir - tar gözəl alətdir ki, hamı ona sahib çıxmaq istəyir. Tarın tarixi qədimdir. Tar Hindistanda yaranıb. Onun ilk adı setar olub və əvvəllər diz üstə çalınırmış. Sonra Sadıqcan onu sinəsinə qaldırıb və bir sim daha əlavə edib. Bizim Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Məmmədağa Muradov, Həbib Bayramov, Bəhram Mansurov, Ramiz Quliyev kimi sənətkarlarımız var ki, dünyanın heç bir yerində onlar kimi gözəl tarzənlər yoxdur. Onların mükəmməl ifaları bunun bariz nümunəsidir. Həm kimlərinsə mətbəximizdən tutmuş musiqi, hətta yeməklərimizə kimi sahib çıxılması təəccübləndirici hal deyil. Vaxt var idi ki, bədxah düşmənlərimiz kamançanı özlərinin musiqi aləti kimi qələmə verməyə çalışırdılar. Əgər həmin millətdən biri gəlib Habil Əliyev kimi kamançada ifa edə bilsə, onları haqlı hesab edərəm. Habil Əliyev kamança ifası tarixində elə bir yol, elə bir istiqamət qoyub ki, heç kim və heç bir ölkə deyə bilməz ki, kamança bizimdir.

- Bəs muğam haqqında nə deyərdiniz? Bildiyiniz kimi, bu iddialar həm də muğama aid edilir...

- Muğamı da bu cərgəyə daxil edirəm. Şərq dünyasında İran, Türkiyə, Hindistanda və başqa ölkələrdə də muğam var. Amma Azərbaycanda olan dəsgah şəklində, şöbələri, guşələri aydın şəkildə ifa olunan muğam yalnız bizdə var. Muğamı olan əksər ölkələri gəzmişəm heç bir ölkədə  bu cür muğam ifasına rast gəlməmişəm. Bu il Azərbaycanda keçirilən və münsiflər heyətinin tərkibində fransızlar, ərəblər, hindistanlılar da olan beynəlxalq muğam müsabiqəsinin "Qran-pri" mükafatını da azərbaycanlı gənc xanəndə aldı. Bu bir daha sübut edir ki, muğam bizlikdir və bizimkidir.

- Son zamanlar gənc muğam ifaçıları arasında vokal, estrada sənətinə maraq göstərənlərin sayı artıb. Sizə elə gəlmirmi ki, bununla gənc xanəndələr muğamdan yayınırlar?

- Yox, burada elə bir qəbahət yoxdur. Əvvəla, muğamı bilməyən bir ifaçı yaxşı sənətkar ola bilməz. Tək muğam sahəsində yox, istər bəstəkar, istər vokalist, istərsə də estrada ifaçısı muğamı bilməlidir. Məsələn, Rəşid Behbudov, Bülbül kimi sənətkarlar çox gözəl muğam biliciləri idi. Muğamın klassik formasını itirməmək şərti ilə estrada oxumaq qəbahət deyil. Muğamı muğam kimi ifa etmək lazımdır, yarımçıq olan heç bir şey yaxşı alınmır. Bir şeyi də qeyd edim ki, muğamla vokal düz gəlməyən peşələrdi. Muğamda xırdalıqlar, zəngulələr var. Vokalist muğamı ifa edə bilməz. Amma yaxşı səsi, diapazonu olan xanəndə vokal ifa edə bilər. Ümumiyyətlə, muğamın elə tərəfləri var ki, ən dahi ustad olsan belə, həmişə öyrənəcək bir şey var.

- Muğamların sintezinə necə baxırsınız?

- Özümdə bir zamanlar sintez ifa etmişəm. Muğamın quruluşuna xələl gətirməyəcəksə, niyə də olmasın? Düşünürəm ki, bu bir tərəfdən də muğamın geniş auditoriyaya təbliğidir. Məsələn, Alim Qasımovun sintezlərini çox bəyənirəm. Çünki onun ifası nəinki muğama xələl gətirməyib, əksinə, gözəllik qatıb. Mən Avstraliyada festivalda olan zaman xarici ölkələrin nümayəndələri məndən Alim Qasımovu soruşurdular. Bu da bayaq dediyimin bariz nümunəsidir. Məgər südün içərisinə bal tökəndə pis olur? Əksinə, şirin olur.

- Ailənizdə davamçılarınız varmı?

- Böyük oğlum Xoşbəxtin çox gözəl səsi var. O, universitet illərində qrup düzəltmişdi. Özü də ifa edirdi. Amma sonra arxasınca getmədi. Çünki onun peşəsi tamam başqa sahə üzrə idi. Amma ikinci oğlum Orxan tar, kiçik oğlum isə kamança ifaçısıdır. Onlar dəfələrlə muğam müsabiqələrində müxtəlif yerlərə layiq görülüblər. Bizim evdən musiqi səsi heç vaxt əksik olmur. Hər gün musiqi sədaları var bizim evdə. Mən inanıram ki, onlar gələcəkdə musiqi sahəsində öz sözünü demiş insanlar olacaqlar.

- Ağaxan müəllimin həyat fəlsəfəsi nədir?

- Bilirsiniz, insan çox şey istəyə bilər. İstədiklərinin həyata keçməsi üçün gərək Allah yol versin. Füzulinin belə bir qəzəli var: "Hər çətin asan olur, amma çətinliklə asan olur". Mən həyatda həm dövlətimə, həm də xalqıma namusla, vicdanla xidmət etmişəm və hiss etmişəm ki, mən onlara lazımlı insanam. Bundan artıq mənim üçün nə ola bilər ki?

- Azərbaycanın milli musiqi sənətini, muğamını təbliğ edən xanəndələr üçün hansı hərəkətlər yolverilməzdir?

- Xanəndəlik sənəti və səs Allah vergisidir. Onu  Allah verir və istənilən vaxt da ala bilər. Ona görə də mənəm-mənəm deyib sinəyə döymək olmaz. İnsan tar, kamança deyil ki, kökdən düşdüsə, kökləyib yenidən düzəldəsən. Bizə verilən səsdir və bu elə məqamda bata bilər ki, insanı pərt edər. Füzuli deyir ki "Mənə manəndi bir divanə surət bağlamaz guya, Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım". Bu o deməkdir ki, Allah ən mükəmməl əsəri adlandırdığı insanı yaratdıqdan sonra qələmini qırdı. Allah insan kimi varlığı yaradıb və bu cür yaradılışdan sonra əgər qələmini qırıb atıbsa, biz kimik. Biz bəndələr nə etmişik ki, qürrələnək, mənəm-mənəm deyək. Çoxları var ki, efirə çıxıb özünü tərifləməklə, sinəsinə döyməklə məşğul olur. Elə insanları mən ağılsız adlandırıram.

- Belə insanlarla tez-tez rastlaşırsınız?

- Tək mən yox, elə sizlər də rastlaşırsınız. Elə adamlardan ətrafımızda çox var. Əsl sənətkarlar heç vaxt mənəm-mənəm deyib sinəsinə vurmur. Sənəti olmayanlar efirə çıxıb özünü gözə soxmaqdan ötrü əlindən gələni edir. Rəhmətlik Üzeyir Hacıbəyov deyirdi ki, gərək istedadı olanlara yardım edəsən, istedadı olmayan özünü göstərməyə yer və məqam tapacaq. İstedadı qızıla bənzədirəm. Onu torpağa da basdırsan, öz dəyərini itirməyəcək. Əgər həqiqi sənətkarsansa, sənin özünü tərifləməyinə ehtiyac yoxdur. Onsuz da xalqın gözü tərəzidir. Sənətdə də seçilmiş sənətkarlar qalır və zaman hər şeyi yoluna qoyur, kimin kim olduğunu sübut yetirir.

- Ən böyük arzunuz nədir?

- İnsan arzu ilə yaşayır. O, nə qədər böyük arzularına çatsa da, arzular bitmir tükənmir. Mənim ürəyimdə də çoxlu arzularım var. Ömür vəfa etsə, onlar yerinə yetəcək. Əsas odur ki, Allah insanlara cansağlığı versin. Allahın bizə bəxş etdiyi ömür boyu həmişə sağlam olaq. Sağlamlıq hər şey imiş.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.