Kərbəla şəhidlərinin kəsik başları hara aparıldı?
6 İyun 2013 21:55
Milli.Az İslam.az-a istinadən bildirir ki, məşhur tarixçi Təbəri Kərbəlada kəsilib Şama aparılmış başların sayının 72 və ya 70 olduğunu yazır. Şeyx Müfid ("əl-İrşad") və Şeyx Abbas Qummi ("Müntəhal-amal") 70 ədədinə, Əllamə Məclisi ("Biharül-ənvar") və Seyyid ibn Tavus ("Ləhuf") 78 ədədinə üstünlük vermişlər.
Kəsik başlar böyük qəbilələr arasında paylanmışdı. Bəni-Kində qəbiləsi (Qeys ibn Əşəsin başçılığı ilə) 13 baş, Həvazin qəbiləsi (Şimrin başçılığı ilə) 20 və ya 12 baş, Bəni-Təmim qəbiləsi 17 baş, Bəni-Əsəd qəbiləsi 6 və ya 16 baş, Məzhic qəbiləsi 7 baş, sair qəbilələr üst-üstə 7 və ya 13 baş gətirdilər. Qeyd edək ki, bütün şəhidlərin başı kəsilməmişdi. İbn Ziyadın əsgərləri böyük şücaət göstərən və onlardan xeyli adam öldürən şəhidlərin başını kəsmişdilər. Elə şəhidlər də var idi ki, onların düşmən tərəfdə olan qəbilə üzvləri bu təhqirə qarşı çıxmış və öz qohumunun başının kəsilməsinə razılıq verməmişdilər.
Kəsik başlar əvvəlcə Kufədə Übeydullah ibn Ziyadın sarayında, daha sonra Şamda Yezidin sarayında nümayişə qoyuldu. İmam Hüseynin (ə) mübarək başının Yezid tərəfindən İmam Zeynül-abidinə (ə) qaytarıldığı məlumdur.
Şiə məzhəbinə görə, İmam Zeynül-abidin (ə) atasının mübarək başını Kərbəlaya gətirib, qəbirdə bədənin yanında dəfn etmişdi. Əhli-sünnə mənbələrində deyilir ki, İmamın başı Diməşqdə dəfn edilib. Başqa nəzəriyyəyə görə, Mədinəyə gətirilib Bəqi məzarlığında torpağa tapşırılıb. Digər rəvayətə görə, Fatimilər müqəddəs başı Misrə aparıb Qahirədə dəfn etmişlər. Hal-hazırda Qahirədə Rəsül-Hüseyn (Hüseynin başı) adlı ziyarətgah məşhurdur. Bu rəvayətləri əhli-sünnə mənbələri dəstəkləyir.
Sair şəhidlərin başının qədim Diməşq şəhərinin kiçik qapısının yaxınlığında yerləşən Babüs-səğir məzarlığında dəfn edildiyi haqqında rəvayət var. Məzarlıqda kiçik bir məqbərə mövcuddur, onun içində gümüş zərih yerləşir. Həmin ziyarətgahın xidmətçilərinin fikrincə, bu yerdə 16 nəfər Kərbəla şəhidinin başı dəfn edilib. Bu şəhidlərin əksəriyyəti Bəni-Haşimə mənsub olanlardır. Bəzi məlumatlara görə, həmin yerdə 3 nəfərin başının dəfn edildiyi dəqiqdir: Həzrət Abbas, Həzrət Əli Əkbər və Həbib ibn Müzahir.
Babüs-səğir ziyarətgahının xidmətçiləri rəvayət edirlər ki, bir neçə il bundan əvvəl məqbərənin təmiri zamanı yerin altında yerləşən kiçik bir sərdabaya dəlik açılmış və həmin dəlikdən 16 ədəd zərrəcə çürüməmiş baş görünmüşdür. Zərihin içində simvolik olaraq 16 ədəd yaşıl rəngli dairəvi yastıq qoyulub və hərəsinin üzərində şəhidlərdən birinin adı yazılıb.
Ziyarətgahın həyətində iri bir daş qazan var. Rəvayətə görə, Kərbəla şəhidlərinin başını dəfn etməzdən qabaq bu qazanın içində saxlayıbmışlar.
Milli.Az