20 illik Kəpəz TV - VİDEO - FOTO

4 İyun 2013 13:31
Milli.Az xəbər verir ki, regionda görüntülü informasiyanın qıt olduğu bir zamanda, Kəpəz Müstəqil Teleradio Şirkətinin yaranması, teleməkanda əzəmətli bir tarixin başlanğıcını qoydu. Həmin dövrdə bölgədə ilk addımlarını atan televiziya kadr çatışmazlığından da əziyyət çəkirdi. Belə ki, kanal vur-tut 20 nəfər heyətlə yayımlanaraq, yalnız əyləncəli verilişlər istehsal edirdi.

13 ildir Kəpəz televiziyasında çalışan-proqram direktoru Samir Hüseynov həmin dövrləri belə xatırlayır:

- Demək olar ki, Kəpəz TV yarandığı vaxtdan burada çalışıram. Həmin dövrlərə qayıdanda, yaşadığım anları təsəvvürümdə canlandıranda nə qədər əziyyət çəkdiyimizi xatırlayıram. Balaca bir ev, bir otaqda bütün işçilər... Onsuz da kollektivimiz elə də böyük deyildi. Ancaq həmin dövr üçün bu rəqəm bizə çox gəlirdi.

- Bəs proqramda nə kimi dəyişikliklər oldu?

- Təbii ki, əvvəllər yayımda bu qədər veriliş yox idi. Filmlər dilimizə dublyaj olunmurdu. İndi 18 saatdan artıq efirdəyik, 20-dən çox veriliş və "Bu gün" informasiya buraxılışı ilə tamaşaçıların qarşısındayıq. Həmçinin teleməkanda bir ilkə imza atılaraq "Dostlar" kukla serialı körpələrin ixtiyarına verildi. Telekanalda verilən xarici filmlər isə Azərbaycan dilinin normalarına uyğun olaraq dublyaj olunaraq, ən mükəmməl şəkildə izləyicisinə təqdim olunur.  

Əgər söhbət televiziyadan gedirsə, deməli, orada problemlər də qaçılmazdır. 15 illlik fəaliyyəti dövründə (1993-2008) Gəncəbasar regionunda informasiya çatdırılımasında bilavasitə iştirakçı olan televiziya heç də hər zaman cəmiyyət tərəfindən birmənalı qarşılanayıb. Zaman-zaman oradan çalışanları qınaq obyektinə çevirənlər də vardı.

Layihələr Departamentinin rəisi Günel Babayeva qadınların televiziyadakı rolunu xüsusi vurğulayaraq, onların KİV-dəki fəaliyyətini yüksək qiymətləndirdi:

- Yaxın 5 ilə kimi Gəncədə qızlarımızı televiziyada işləməyə cəlb edə bilmirdik. Bunun isə müəyyən səbəbləri var idi. Kimisi ailəsinin icazə vermədiyini deyirdi, kimisi efirdə görünmək istəmədiyini bildirirdi və s. Bu işdə kollektiv bir yumruq şəklində birləşərək təbliğata başladı. Və bu gün o təbliğatın nəticəsi olaraq deyə bilərik ki, kanalda kifayət qədər xanım əməkdaş çalışır. Onlar televiziya sahəsində karyera qurmaq üçün bütün bacarıqlarını nümayiş etdirirlər. Əlbəttə, bu da Kəpəz-in bir uğurudur.
 
- Televiziyanın inkişaf dövrü deyərkən son 5 il nəzərdə tutulur. Bu illərdə hansı dəyişikliklər baş verdi?

- Bu illər ərzində televiziyada işçilərin sayı xeyli artdı. Peşəkar kadrların hazırlanması yönündə müəyyən işlər görüldü. Yüksək keyfiyyətli verilişlər ərsəyə gətirildi. Buna bariz nümunə kimi "Reportyor" verilişinin "Azərbaycan ailəsi-2010" müsabiqəsində mükafat qazanmasını göstərə bilərik. Nailiyyətlərimiz yaşımıza görə çox böyükdür.
 
İlk yayımına kiçik bir evdə başlamasına baxmayaraq, az müddətdə geniş auditoriya kütləsi toplayan televiziya, dəyişən zamanın tələbinə uyğun olaraq irəliləməyə başladı. Bu inkişafın nəticəsi olaraq Kəpəz televiziyasının 2012-ci ilin 2-ci yarısında istifadəyə verilən yeni binasını göstərə bilərik.

Hazırda texniki direktor vəzifəsini icra edən Vüqar Abbasov 13 illik iş təcrübəsinə əsasən televiziyanın texniki imkanlarından danışdı:

- O dövrlə hazırkı zaman arasındakı böyük fərqlərdən biri yeni binanın tikilməsi oldu. Hazırda televiziya regionda ən böyük binaya sahibdir. Müasir standartlara cavab verən ən son avadanlıqlarla təchiz olunan telekanal bu gün dünyanın istənilən televiziyası ilə rəqabət aparmağa qadirdir. Əvvəllər yalnız Gəncədə yayımlanan televiziya bu gün bütün qərb bölgəsini əhatə edir.

"Kəpəz TV-nin maarifləndirmə sahəsində gördüyü işlər danılmazdır. Tok-şouların isə əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Buraya toplaşan insanlar problemlərin həllində bilavasitə özləri iştirak edərək, sərbəst şəkildə fikirlərini ifadə edirlər. Gənclərimizin, qadınlarımızın, cəmiyyətin ən aktual problemlərini hamımız birlikdə müzakirə edirik", - uzun illərdir bank sektorunda çalışan Afina Babayeva Kəpəz TV-nin 20 illiyi münasibətilə təşkil olunmuş "Qadınlar nə istəyir?" tok-şousunda "Qadın və televiziya" mövzusunun müzakirəsində bildirdi.

Elə cari ildə qazanılmış digər bir uğur isə televiziyada tok-şouların təşkili oldu. Regionda problemlərin təzahürü, sosial həyatda baş vermiş hadisələrin müzakirəsi tok-şouların əsas iş prinsiplərindəndir.

Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi: "Televiziyanın gənclərin dünya görüşünün formalaşmasında, onların dünyaya baxışında xidmətləri əvəzsizdir. 10 il əvvəl belə verilişlər təşkil olunmurdu, belə inkişaf yox idi. Lakin bu gün gənclər burada iştirak etməklə fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bu, həm televiziyanın, həm də Gəncənin uğurudur."

Kəpəz TV "Bu gün" informasiya buraxılışı ilə tamaşaçısını dünyadakı hadisələrdən bixəbər qoymur. Televiziya izləyiciləri operativ, dəqiq və qərəzsiz xəbərlər çatdırdığına görə kollektivin əməyini dəyərləndirir.

Xəbərlər xidmətinin direktoru Rasim Əziz:

- Əvvəlcə onu qeyd edim ki, televiziyanın siması olaraq vəzifə borcumuzu layiqincə yerinə yetirdiyimizi güman edirəm. Həftənin hər günü 6, bazar günü isə 1 dəfə efirdə olan proqramın buraxılışlarında tamaşaçılara Gəncəbasar bölgəsinin, ölkənin və dünyanın gündəmində olan bütün ictimai-siyasi xəbərlər, sosial-iqtisadi və mədəni sferada baş verən yeniliklər, eləcə də idman dünyasının gündəmi haqqında məlumat verilir. "Bu gün" informasiya proqramının idman bülletenləri isə gündə iki dəfə, saat 09:00 və 21:00-da efirə çıxır.

Reytinq göstəricilərinə əsasən kanalda yayımlanan verilişlər əksər vaxt ön sıralarda qərarlaşır. Televiziyanın bölgə vətəndaşları ilə sıx əməkdaşlığı da bu göstəriciyə təsir edir. Telekanalı canlı olaraq onun veb səhifəsindən də izləmək olar.

"2009-cu il 4 iyun tarixindən etibarən onun www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişə baxa bilərlər. Gün ərzində baş vermiş ən son hadisələr də operativ olaraq ora yerləşdirilir", - İT rəisi Nofəl Dərgahov deyib.
Daha bir yenilik isə 93.3 MHz tezliyində Kəpəz FM-in istifadəyə verilməsidir. Regionun ilk radiosu fevral ayından yayımına başlasa da, bu gün kifayət qədər dinləyici auditoriyasına malikdir.

Leyla Əmirova - Kəpəz FM radiosunun direktoru:

- Radiomuzda "Ayna" səhər proqramı, "Səadətli saatlar, "Avtosfera" kimi verilişlər yayımlanır. Dj-lərimizə, demək olar ki, əksər ətraf bölgələrdən dinləyicilər zəng vuraraq mövzu barəsində fikirlərini bildirirlər. Zənglər nəticəsində bəlli olur ki, radio dalğanın musiqiləri və verilişləri çoxları tərəfindən sevilir.

Leyla xanım onu da vurğuladı ki, artıq radionun www.kepezfm.az saytı da fəaliyyətə başlayıb. Və bu vebsayt vasitəsilə hər kəs canlı olaraq musiqi dinləyə bilərlər.

Kəpəz zəfərləri ilə tək regionda deyil, Azərbaycan teleməkanında bir ilk olmağa iddialıdır. Bu addımları isə televiziyanın baş direktoru Fuad Cabarovla birgə atırlar. Onun 5 il bundan öncə qurduğu iş strategiyası qısa zamanda böyük əks-səda doğurur. Baş direktor  müsahibəsində bildirdi ki, bütün bu işlərin arxasında bütöv kollektiv əməyi dayanır:

- 2008-ci illə müqayisə etsək, bu gün kollektivin nələrə qadir olduğunu görmüş olarıq. Əgər 15 il əvvəl işçilər bu sənətə olan sevgisindən burada çalışırdılarsa, indi onlar peşəkarlığı da onun üzərinə əlavə ediblər. Elə bunun nəticəsidir ki, biz son 5 ildə, demək olar ki, yeni televiziya yaratmışıq. Və bu müddət ərzində texniki heyətimiz ən son texniki avadanlıqlarda iş təcrübəsinə yiyələniblər. İndi digər kanallardan gəlib bizim kadrlardan iş prinsiplərini öyrənirlər. Lakin bu hələ başlanğıcdır. Əlbəttə ki, bizim qazandığımız nailiyyət bu gün dövlətdəki iqtisadi inkişafın və siyasi stabilliyin fonunda mediaya göstərilən diqqətdən irəli gəlir. Gənclərin enerjisi, dinamikası, inkişafa meyilliliyi televiziyanı daha da irəliyə aparacaq. Təbii ki, Kəpəz televiziyası da daim istedadlı və bacarıqlı kadrlara öz qapılarını açır. İctimaiyyət tərəfindən yüksək qiymətləndirilməyimiz isə bizə xüsusi stimul verir. Məqsədimizə doğru irəliləmək üçün qarşımızda heç bir maneə yoxdur.

Televiziya və radionun nüfuzunun artması, yayımlanan verilişlərdə peşəkarlığın olmasını nəzərə alsaq, bu sahənin inkişafında Kəpəz Müstəqil Teleradio Şirkətinin cəmiyyətin həyatında önəmli yerlərdən birini tutduğunu dərk etmiş olarıq. Çünki medianın cəmiyyət içərisindəki tək etibarlı dayağı elə həmin cəmiyyət qarşısında məsuliyyət hissindən başqa bir şey deyil.

20 ilin mübarək, Kəpəz TV!

Milli.Az


Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.