Beynəlxalq Energetika və Alternativ enerji sərgisi keçiriləcək
3 İyun 2013 13:48
Xəzər regionunda energetika sənayesi nailiyyətlərinin nümayiş etdirilməsi sahəsində yeganə ixtisaslaşdırılmış tədbir olan "Caspian Power 2013" 3-cü Xəzər Beynəlxalq "Energetika və Alternativ enerji" sərgisi 4 iyun tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində öz işinə başlayacaq. "Caspian Power" sərgisi "ITE Group plc" şirkəti tərəfindən energetika sahəsində təşkil olunan aparıcı tədbirlərdən biridir və bu sahə üzrə fəaliyyət göstərən şirkətlər arasında özünü sübut etmiş brend hesab olunur. Son zamanlar sərgi yeni avadanlıqların nümayişi və energetika mütəxəssislərinin konstruktiv dialoqu üçün platforma olaraq çox böyük populyarlıq qazanır.
Milli.Az-ın məlumatına görə, "Caspian Power" sərgisinin Xəzər regionunda neft-qaz sahəsinin ən böyük tədbiri olan Beynəlxalq "Neft və qaz, Neftayırma və Neft kimyası" sərgi və konfransı ilə eyni meydançada keçirilməsi isə bu diqqətin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi sərgiyə rəsmi dəstək göstərir. "Iteca Caspian" şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi otelləri qismində "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Poynt Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində isə "Greenwich Travel Club" şirkəti çıxış edirlər. Sərginin təşkilatçıları Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" MMC-dir.
"Caspian Power 2013" sərgisi energetika sənayesi üçün innovasiyalı texnologiya və avadanlıqlar, habelə enerjiyə qənaət sahəsində elmi-texniki təkmilləşdirmələr təqdim edən şirkətləri öz meydançasında bir araya gətirmişdir. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlər də öz məhsullarını təqdim edirlər, məs.: "STP" Sumqayıt Texnologiyalar Parkı (Azərbaycan), "GOKNUR Baki" MMC (Azərbaycan), "Schneider Electric" (Türkiyə) və "Wartsila" (Finlandiya). İştirakçıların 20%-ni debütantlar təşkil edirlər ki, onların da arasında "Enerqomera Elektrotexniki zavodlar" QSC (Rusiya), "Cink Hydro-Energy" (Çexiya) və s. şirkətlər var.
Sərgidə güclü transformatorlar, müxtəlif kabel məhsulları, hava elektrik xətləri üçün naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlar, elektrik enerjisinin texniki və kommersiya uçotu üçün avtomatlaşdırılmış sistemlər, mikroprosessor qurğuları və bir sıra digər məhsullar təqdim olunur.
Beləliklə, əsasən mütəxəssislər üçün nəzərdə tutulmuş "Caspian Power 2013" sərgisi elektrik enerjisi sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, eləcə də ən yeni texnoloji təkmilləşdirmələr və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq üçün unikal imkan yaradacaq. Sərginin perspektivli olması Azərbaycanda yeni elektrostansiyaların və hibrid tipli elektrostansiyaların fəaliyyətə başlaması, eləcə də külək turbinlərinin və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. Sərginin təşkilatçıları ümid edirlər ki, "Caspian Power 2013" sərgisində nümayiş etdirilən texnika və texnologiyalar Azərbaycanda həyata keçirilən yeni energetika layihələrində tətbiq olunacaq və ölkənin energetika kompleksinin müasirləşdirilməsinə xidmət edəcəkdir.
Milli.Az