Millət vəkilləri Pakistanın Bakıdakı səfirliyində oldular
18 Avqust 2010 19:28
Nümayəndə heyətinin tərkibində Milli Məclisin komitə sədrləri - YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, Hadi Rəcəbli, YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, parlamentin deputatları - YAP Siyasi Şurasının üzvü Musa Quliyev və Cavanşir Paşazadə olmuşlar.
Milli Məclisin deputatları Pakistanın ölkəmizdəki səfiri Əbdul Həmidlə görüşüblər. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Pakistanda güclü təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatına görə səfirə işçi qrupu adından başsağlığı verib. E.İbrahimov bildirib ki, Azərbaycan və Pakistan dost ölkələrdir, hər iki dövlət arasında güclü əlaqələr mövcuddur. Pakistanda çoxsaylı insan tələfatı və güclü dağıntılarla nəticələnmiş təbii fəlakətin baş verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanıb.
E.İbrahimov Azərbaycanın dost və qardaş dövlətə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım ayırdığını diqqətə çatdırıb. Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan təlafatı ilə əlaqədar Pakistan hökumətinə və xalqına Yeni Azərbaycan Partiyası adından ünvanlanmış başsağlığı məktubu səfir Abdul Həmidə təqdim edilib.
Səfiri Əbdul Həmid göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib. Səfir qeyd etmişdir ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələr olaraq hər zaman bir-birilərini dəstəkləyiblər. Təbii fəlakətin miqyası haqqında məlumat verən Əbdul Həmid ölkəsinin tarixində indiyədək belə hadisənin olmadığını vurğulayıb.
Görüşün digər iştirakçıları da çoxsaylı insan tələfatı ilə əlaqədar səfirə başsağlığı vermiş və Pakistan xalqının bu sınaqdan çıxacağına inandıqlarını bildiriblər.
/AzərTAc/