Ən nazik oyun noutbuku satılacaq

3 İyun 2013 18:58
Şirkətin iddiasına əsasən, sözügedən cihaz hazırda bazarda ən nazik modeldir. Noutbukun qiyməti 1800 dollardır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Razer Blade noutbuku dördüncü nəsil Intel Core prosessoru, 2 QB yaddaşa malik ən yeni Nvidia GeForce GTX 765M qrafik kontrolleri və SSD yığıcı ilə təchiz edilib. Xatırladaq ki, SSD yığıcı fırlanma tezliyi 5400 dövr/dəq təşkil edən sərt disklə müqayisədə yüklənmə müddətini 4 dəfə azaldır. Razer Blade noutbukunda ekranın diaqonalı 14 düym, təsvir ölçüsü 1600 x 900 pikseldir.

Daxili Dolby Home Theatre v4 audiosistemi var. Sözügedən cihaz üç ədəd USB 3.0 portu, HDMI 1.4a, qulaqlıq və mikrofonun qoşulması üçün konnektorlar, Wi-Fi və Bluetooth 4.0 modulları ilə təchiz edilib. Razer Blade noutbukunun içliyi 16,8 mm qalınlığında alüminium korpusa yerləşdirilib.

Korpusun uzunluğu 345 mm, eni 235 mm-dir. Çəkisi 1,9 kq-dır. Razer Blade noutbuku standart konfiqurasiyada 8 QB əməli yaddaş (1600 MHs) və 128 QB həcmində SSD yığıcı ilə təchiz edilib.

Milli.Az