ARDNŞ Azərbaycan neftinin Rusiya ərazisindən tranziti haqda açıqlama verdi
29 May 2013 14:47
Azərbaycan neftinin Rusiya ərazisindən tranziti ilə bağlı həm Azərbaycan, həm də Rusiyaya iqtisadi cəhətdən sərfəli olacaq həll yolu tapılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda ARDNŞ-lə Rusiyanın "Transneft" şirkətinin mütəxəssisləri arasında danışıqlar aparılır:
"Tərəflər arasında razılığın əldə olunması bir sıra ticarət məsələlərinin müzakirəsini tələb edir. Hər şeydən əvvəl, lazımi neft həcmlərinin təmin edilməsi üçün neftin keyfiyyət bankı təmin edilməlidir".
ARDNŞ rəhbəri qeyd edib ki, Azərbaycan tərəfi də həmçinin neftin Rusiya ərazisindən tranziti zamanı itkilərə malik olur. Çünki Novorossiysk kəməri ilə tranzit edilən yüngül Azərbaycan nefti "URALS" markası adı altında ixrac edilir: "Bu da öz növbəsində itkilərə gətirir".
Abdullayev bildirib ki, xüsusilə də üçüncü tərəflər vasitəsilə neftin boru kəməri üzrə nəqli imkanları, boru kəmərinin reversi variantı da daxil olmaqla, həmçinin baxılmalı olan başqa məsələlər və imkanlar da var: "Yəni, bütün mümkün variantların iqtisadi effektivliyinə baxılmalıdır".
Onun sözlərinə görə, bu ilin sonuna kimi tərəflər bütün məsələlərə baxacaq və razılaşdıracaqlar: "Bunun üçün kifayət qədər vaxt var".
Milli.Az