Kinorejissor jurnalist: "Axı o mənə ümid edib gəlib"
26 May 2013 13:35
Hər bir qurumun siması onun mətbuat xidmətinin rəhbəri, mətbuat
sözçüsüdür. Məhz bu sözçülərin köməkliyi ilə biz sorğularımıza cavab
alır, müəyyən fikirlərə münasibətlər öyrənir, aidiyyəti insanlarla əlaqə
qurmaq üçün yardım istəyirik. Amma təəssüf ki, heç də bütün idarə və
qurumların mətbuat xidmətləri jurnalistlərin üzünə açıq olmur. Bununla
belə, işinin öhdəsindən layiqincə gələn, media əhlinin bütün suallarını
cavablandıran mətbuat xidməti rəhbərləri də az deyil. Elə biz də "Sözçü"
rubrikamızda sizləri onlarla tanış edəcəyik.
"Sözçü"nün budəfəki
qonağı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat
Katibliyinin rəisi Nadir Əzməmmədovdur.
Dosye: Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb, 1977-1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. N.Əzməmmədov 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirib, 1978-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında bədii filmlər üzrə rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar aktyor, ikinci rejissor kimi fəaliyyətini davam etdirib.
Müxtəlif illərdə çəkilmiş 20-yə yaxın bədii və qısametrajlı
filmlərdə aktyor, rejissor assistenti və rejissor olub: "Od içində"
(1978) - aktyor; "Qəribə adam" (1979) - rejissor assistenti, aktyor;
"Anlamaq istəyirəm" (1980) - rejissor assistenti, aktyor; "Birisigün
gecəyarısı..." (1981) - rejissor assistenti, aktyor; "Asif, Vasif,
Ağasif" (1983) - rejissor assistenti, aktyor; "Park" (1984) - aktyor;
"Tənha narın nağılı" (1984) - aktyor; "Qanlı zəmi" (1985) - rejissor
assistenti; "Sizi dünyalar qədər sevirdim" (1985) - rejissor assistenti;
"İşarəni dənizdən gözləyin" (1986) - rejissor assistenti; "Şeytan göz
qabağında" (1987) - ikinci rejissor, aktyor ("KAMAZ"ın sürücüsü);
"Yaramaz" (1988) - ikinci rejissor; "Yaşa, qızıl balıq (1988) - ikinci
rejissor; "Alman klinikasına şəxsi səfər" (1988) - aktyor; "Hücum"
(1989) - rejissor assistenti; "Gecə qatarında qətl" (1990) - ikinci
rejissor, aktyor; "Qara Volqa" (1994) - ikinci rejissor, aktyor
(Səfərəli); "Biz qayıdacağıq (2007) - aktyor.
Azərbaycan
Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları
Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1997-ci ildən "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətində çalışır.
2003-cü ildən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
Mətbuat Katibliyinin rəisidir.
Mətbuat Katibliyinin gərgin
fəaliyyəti nəticəsində ölkə ictimaiyyəti bu qurumda həyata vəsiqə alan
yeniliklərdən xəbərdar olub. N.Əzməmmədovun rejissorluğu ilə "Dəmir
yolunda dəmir intizam", "Polad magistralın simfoniyası", "Heydər
Əliyevin rəhbərliyi altında dəmir yolu nəqliyyatının 30 illik inkişaf və
tərəqqi dövrü", "Gələcəyə aparan yol", "Azərbaycan dəmir yolları
müstəqillik illərində" sənədli filmləri ekranlaşdırılıb.
Bütövlükdə bu müddət ərzində ölkə polad magistralından bəhs edən
3000-dən çox informasiya xarakterli süjetlər müxtəlif telekanallar
vasitəsilə yayımlanıb.
- Sovetlər Birliyi dağılandan sonra kinostudiya öz fəaliyyətini dayandırdı. Axırıncı "Qara volqa" filmində çəkildim. Bu, mənim çəkildiyim sonuncu film oldu. O zamanlar mətbuat xidmətləri yeni yaranırdı. Belə bir vaxtda Gömrük Komitəsindən dəvət gəldi və mən də bu dəvəti qəbul etdim. Amma şərt qoydum ki, həm orda işləyəcəyəm, həm filmlərdə. Onlar razılaşdılar. Bir müddət işlədikdən sonra Komitədən tələb etdilər ki, tək onlarla işləyim. 1996-cı ildə ayrıldım komitədən. 1997-ci ildən Azərbaycan Dəmiryollarından iş təklifi gəldi və mən də qəbul elədim.
Mənim dəmiryolları ilə bağlı ilk təcrübəm 1990-cı ildə "Gecə qatarında qətl" filmi oldu. Mən ilk dəfə qatardan onda istifadə elədim. Filmdə mafiyadan söhbət gedir Biz Bakıdan Kiyevə qədər film çəkmişik. Çox marağım vardı.
- Rejissorluqdan mətbuat xidmətinə keçid. Birdən-birə sahə dəyişikliyi, eyni zamanda jurnalistlərlə işləmək sizin üçün çətin olmadı ki?
- Yox, o qədər də çətin olmadı. Mən rejissorluq dövründə də jurnalistlərlə çalışmışam.
- Axı, dəmiryolları sizin sahəniz deyildi...
- İlk illər bir qədər çətin oldu. Öyrənənə kimi. Yavaş-yavaş öyrənməyə başladım. Sonra bu barədə kitab da çap etdirdim. O zamanlar mən heç bilmirdim ki, bu sahədə olacağam. Tale belə gətirdi. İndi jurnalist mənə sual verəndə artıq bilirəm ki, onun məqsədi nədir. Professional və ya qeyri-professional, yaxud da reket olduğunu verdiyi ilk sualdan başa düşürəm. Amma onu deyim ki, reket jurnalistlər arasında da yazmaq bacarığı olan jurnalistlər az deyil. Yazmaq asan iş deyil. Bunların reket olmasına gəlincə isə, görünür ki, bunlar da bu yolla yaşamağa, dolanmağa alışıblar. Bu da uzun çəkmir. Çox az bir müddətdə o adam haqqında xəbər yayılır. Bu bir iş deyil. Düzdür, onlarla da işləyirik biz. Bizim üçün fərqi yoxdur, sual verirlər, cavab veririk.
- Heç sizi təhdid ediblərmi?
- Yox, o dərəcədə olmayıb. Biz işimizi o qədər professional şəkildə qurmuşuq ki, imkan yaratmırıq, kiminləsə aramız dəysin. Biz işimizi şəffaf görürük. Jurnalistlər üçün də şərait yaradıram ki, kimdən istədilər, nə yazmaq istədilər yaza bilsinlər. Mən jurnalistlərdən heç bir zaman qaçmamışam, verdiyi suallara hər zaman cavab vermişəm.
- 16 ildir ki, bu işdəsiniz. Heç yorulduğunuz zamanlar olurmu?
- Yox, mən tək burada işləmirəm ki, eyni zamanda kinostudiyadayam. Kinematoqrafiyanın üzvüyəm. Uşaqlarla daim görüşürük. Bəlkə də tək bu işdə olsaydım, yorulardım, bezərdim. Belə maraqlı keçir, darıxdırıcı deyil.
- Siz bizi mehribanlıqla qarşıladınız, suallarımızı səmimiyyətlə cavablandırmağa çalışırsınız. Amma bəzi mətbuat xidməti rəhbərləri var ki, bizimlə danışmaq istəmirlər, süründürməçilik edirlər...
- Bilirsiniz, bu, insani keyfiyyətlərdən asılıdır. Gərək qarşı tərəfə hörmətlə yanaşasan. Mən də deyə bilərəm ki, nəyimə lazımdır, jurnalistlərlə danışmaq, danışmaram. Amma mən hər zaman çalışmışam ki, jurnalistlərlə yaxşı münasibətdə olum. Gənc yazarlara kömək edim. İlk növbədə qarşındakı insana hörmət etməyi bacarmaq lazımdır. Bura hər yoldan keçən gəlmir ki. Buraya məqsədli insanlar gəlir. Onun da düşüncələri var, planları var. Mən təkcə jurnalistlərlə deyil, hamı ilə eyni davranıram. Bəzən görürsən, vətəndaşlar gəlir ki, evim dəmiryolun kənarındadır, söküləcək. Mən onu qəbul etməyə də bilərəm, deyərəm, vaxtım yoxdur. Amma axı o mənə ümid edib gəlib. Mətbuat xidməti istər jurnalistlərlə, istərsə də vətəndaşlarla ünsiyyətdə olmalıdır. Bu, peşəkarlıqdan irəli gəlir. Mən bu gün danışmasam, siz heç nə yaza bilməsiniz. Bəs deyirik tolerant ölkədə yaşayırıq. Jurnalistin istədiyi nədir ki? - sualına cavab almaq. Bu da mətbuat xidməti rəhbərlərinin birbaşa vəzifəsidir. Jurnalistin işi yazmaqdırsa, mətbuat xidmətinin vəzifə səlahiyyəti cavab verməkdir. Həm də mətbuat xidməti rəhbəri cavab verməsə, yanlış məlumatlar yayıla bilər. Bunu da nəzərə almaq lazımdır.
- 60 illik bir ömür. Geriyə baxanda, nələr yada düşür?
- Düşünəndə çox şeylər yada düşür. Məktəb illəri, cavanlıq, kinostudiya illəri.... Əvvəl doğmalıq, mehribanlıq, səmimiyyət vardı. İndi zaman keçdikcə bunların hamısı azalıb. Dostluqlar yoxa çıxır, insanlar bir-birindən uzaqlaşır, yadlaşır. Bəzən olur ki, insan darıxır. Bu, hamıda olur. Həmin vaxt istəyirsən ki, biri olsun, dərdini danışa biləsən. Amma yoxdur. Belə yaxınlıqlar keçmişdə qaldı. Əvvəllər insanlar bulvarda, "Torqovı"da gəzirdi, görə bilərdik bir-birimizi. İndi bu yoxdur. Uzaqlaşmışıq özümüzdən. Məni həyatda darıxdıran odur ki, gələcək nəsil necə olacaq. Bacı qardaşı, əmioğlu əmioğlunu tanımaq istəmir. Uşaqlıqda oynadığımız uşaqlar vardı, sonradan hərəsi bir vəzifə sahibi oldu. Biz görüşürdük, amma daha görüşmürük, uzaqlaşmışıq. Belə çətinliklər var. O dövrlə indiki dövr arasında çox fərq var. Düzdür, indi hər şey var, amma insani münasibətlər azalıb.
- Buna səbəb nədir?
- Əvvəl SSRİ məkanında qapalı idi hər şey, xaricə gediş-gəliş o qədər çox deyildi. İndi kim nə istədi edir. Əvvəl insanlar qəhrəmanlıq mövzusuna üstünlük verirdi, indi baş kəsməyə. İndi pis şeylərə meyllilik artıb. Əvvəllər bilmək olurdu ki, kim kimdir. Amma indi hamı qarışıb bir-birinə. Elm və texnikanın inkişafı hər şeyi adiləşdirib. Dostluq gənclik dövründən başlayır, zaman keçdikcə ələnir. Tək-tük dostlar qalır. Uşaqlıq dostları ilə ara-sıra görüşsəm də, əvvəlki yaxınlıq yoxdur. Çünki hər yaş dövrünün öz problemləri var. İndi elə yaş dövründəyik ki, qayğıya ehtiyacımız var. Nə bilim...
Hərdən uşaqlaşırsan, hərdən ahıl hiss edirsən özünü. Hərdən lap uşaqlaşır, kövrəlir, ağlayırsan. İnsan öz yaşını hiss etsə, yaşaya bilməz. Mən hər gün işə gələndə yeni həvəslə, yeni ruhla gəlirəm. İnsan ətrafındakılara müsbət enerji verməyi bacarmalıdır. Adi bir təbəssüm bütün günün gözəl keçməsinə səbəb ola bilir. İnsan bəzən keçmişə baxır, peşmançılıqları olur. Hər adam səhv edə bilir, bəzən bu səhvlər rahatlıq da vermir. Amma həyat budur da...
Ekspress.az