Milli geyim o qədər də gəlirli sahə deyil
24 May 2013 15:05
Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Hazırda milli geyimlər bir çox muzeylərdə qorunub saxlanılsa da, onların restavrasiyası və tikilməsi ilə məşğul olan demək olar ki, çox azdı. "Bakı milli geyim evi" 2009-cu ildən bu işlə məşğul olur. Bu gün burada hər yaş üçün milli geyimlər tapmaq mümkündür. Geyim evinin rəhbəri Könül Vəlibəyli bildirir ki, ilk olaraq, geyim evi öz işinə 20 geyimlə başlayıb. Bu gün isə buradan hamı geyinə bilir.
- Öncə bilmək istərdik, Bakı milli geyim evi"nin yaradılması ideyası kimin idi?
- "Bakı milli geyim evi" 2009-cu ildə yaranıb. Özüm uzun illər mətbuatda çalışmışam, qadın jurnalının redaktoru olmuşam. Uzun müddət qadın təşkilatları ilə, qeyri-hökumət təşkilatları ilə bir neçə lahiyələrdə iştirak etmişəm. Son lahiyədə qadınların milli geyimdə, millət vəkillərinin, ziyalı xanımların milli paltarda foto sessiyası idi. Biz öz qadın jurnalımızın bir nömrəsini buna həsr edəcəkdik. Mən uzun illər bir neçə modelyerlə işləmişəm. Mənim jurnalımın üz qabığına çıxan xanımların geyindirilməsi üçün bizə milli geyim həmişə lazım olub. Biz həmişə buna görə ittifaqa, teatrlara getmişik, müəyyən modelyerlərin qapısını döymüşük. İstədiyimiz zaman 10-15 geyimi eyni vaxtda və hər xanımın öz zövqünə, yaşına və vəzifəsinə uyğun milli geyimlər tapa bilməmişik. Məsələn, bir millət vəkili üçün milli geyim tapmaq istəyəndə mənə rəqs geyimi təqdim edirdilər. 2009-cu ildə belə bir ideya ağlıma gəldi. Bu ideya "Bakı milli geyim evi"ni yaratmaq idi. Bu elə bir milli geyim evi olmalı idi ki, burdan hamı geyinə bilsin. İstər 3 yaşındakı uşaq, istər yaşlı bir xanım, istərsə də ziyalı bir xanım burdan rahat geyim tapa bilsin. "Bakı milli geyim evi" 2009-cu ildə işinə 20 geyimlə başladı. Mən araşdırmalar edəndə gördüm ki, bizim milli geyimlərimiz çox zəngindir. Milli geyimlərimizdə həm bölgəyə, həm təbəqəyə, həm də zamana görə çox fərqliliklər və qədimilik var. Buna görə də qərara gəldik ki, milli geyim evi quraq. İlk hazırlayanda 7 bölgənin geyimini hazırlamışdıq. 2009-cu ildə Muğam teatrında təqdimatımız oldu.
- Bu işdə sizə kim dəstək oldu?
- İlk təşkilati dəstək Mədəniyyət və Turizm Nazirliyindən gəldi. Burada bir neçə gənc rəssam, modelyer bizə dəstək oldular, bir qrup halında işlədik. Biz az zamanda işin arxasına keçdik və gözəl geyimlər hazırladıq. Zamanla bu, bir layihə oldu və biz bu layihə ilə həm mətbuatda, həm Novruz bayramlarında iştirak etdik. Bu layihə çərçivəsində ilk olaraq Novruz bayramında milli geyim sərgisi keçirildi. 2010-cu ildə Dənizkənarı Milli Parkda 50-70 geyim sərgilədik. Artıq 3 ildir ki, biz bu sərgini keçiririk. Sonra düşündüm ki, bu geyimləri biz quru manekenlərə geyindiririk, canlı insanlara geyindirilsə, milli geyim nümayişi olunsa, daha yaxşı olar. Bu elə bir məkan olmalıdır, bu geyimləri elə xanımlar geyinməlidir ki, onlar milli geyimləri daşıya bilsin. Azərbaycan dövlət rəqs ansamblı ilə bərabər milli geyimləri nümayişi etdirdik. Artıq son 2 ildir ki, hər il 15 martda milli geyimlərimizin nümayişi olur. Bu da artıq bir ənənəyə çevrilib. Burda artıq 15-ə yaxın gənc milli musiqilər altında milli geyimləri mediaya, qonaqlara təqdim edir. Son 3 ildə biz dünyanın bir çox ölkələrində - Amerikada, Çində, Ərəb ölkələrində, Avropada, Rusiyada, Türkiyədə - sərgilərimizi keçirmişik. Biz ilk dəfə fəaliyyətə başlayanda dünya qadınlarının Azərbaycanda bir konfransı keçirilirdi, ora Ərəb ölkələrinin xanımları da gəlmişdi. Hamısı zər-zibalı xanımlar idi və bizim də 20 geyimimiz vardı. Onlar geyimləri çox bəyəndilər, amma seçim istədilər. Bizdə isə bu seçim yox idi. Çox təəssüfləndim və o gün qarşıma belə bir məqsəd qoydum; hər nə olursa-olsun, elə bir geyim evi quracam ki, bir xanım girdimi 100-ə yaxın çeşid arasından özünə, zövqünə xoş gələnini seçə bilsin. Bu, bizim üçün asan başa gəlmədi.
- Milli geyimlərin hazırlanması üçün lazım olan parçaları xaricdən gətirirsiniz?
- Parçanı Azərbaycanda tapmaq çox çətindir. Buna görə biz ərəb ölkələrinə, Türkiyəyə çıxmalı olduq. Bütün parçalar xaricdən gəlir. Azərbaycanda parça istehsalı yoxdur. Sadəcə, Şəkidən kəlağayılar gəlir. İpəkləri xüsusən Çindən alırıq. Elə geyimlər olur ki, onlar sırf əl işi olur və aylarla işlənilir. Bu gün bizə irad olur ki, siz milli geyimləri əvvəlki kimi yaratmırsınız. Əlbəttə ki, XII-XV əsrin kəsimini hələ də biz qoruyub saxlayırıq. Qarabağ yaxasını, Şirvan ətəyinin biçimini olduğu kimi saxlayırıq. Amma bu gün qızıl sap yoxdur. Bu gün insanları daha sadə görüntülərlə cəlb etmək olmur. İnsanları daha daş-qaşlı, daha zər-zibalı geyimlər cəlb edir. Əksər insanlar kostyumları svarovski qaşlarla istəyir. Biz ona qızıl sapla işlənmiş kostyumu təklif edə bilmərik. Bizim geyimlərimiz fərqlidir. Hər bölgənin özünün fərqli geyimi olduğu kimi fərqli də kəsimi, bəzəyi var. Məsələn, Qarabağ paltarlarının üst və alt parçası eyni olur. Bakıda tamamilə başqa cürdür. Qarabağ yaxalıqları, oyma yaxa, qönçə yaxa, buta yaxa çox gözəldir. Bunları gənclər geyinir. Biz bəzən köhnə kəsimləri saxlamaqla geyimlərə də yenilik gətirə bilirik. Milli geyim evində gənclər çalışır.
- Bizim milli geyimlərimiz qədim tarixə malik olmaqla yanaşı, çox gözəl görünür. Xarici ölkələrdə bu, necə dəyərləndirilir?
- Biz Çindən parça alıb gətiririk, onu tikib yenidən geri aparanda onlar dəhşətə gəlirlər ki, bu, həqiqətən bizim parçadır? Yaxud Ərəb ölkələrinin parçalarından elə geyimlər tikilib geri aparılır ki, onlar buna çox maraq göstərirlər. Mənə elə gəlir ki, bizim gözəl kəsimlərimiz var. Alim Qasımov, Fərqanə Qasımovanın da geyimləri "Bakı milli geyim evi"ndən olur. Bu gün keçmişə, etnogeyimlərə bir qayıdış var. Buna görə də biz milli geyimləri bu gün yaşatmaqla bərabər milli naxışları da gündəlik geyimlərimizə köçürə bilərik. İnanıram ki, gələcəkdə böyük lahiyə olaraq üzə çıxacaq. Düşünürük ki, sentyabr-oktyabr aylarında da milli geyimlərdən dəfilə edək.
- Geyim seçimində özünüz də yardım edirsinizmi müştərilərinizə?
- Gözəllik ondursa, doqquzu dondur. Milli geyimi daşımaq üçün gözəllik, qamət, şuxluq lazımdır. Əsmər, yaxud sarışın insan gəldikdə artıq bilirik ona nə geyindirmək lazımdır. Yəni hər bir adamın özünün öz rəngi var. Qaraşın insana açıq yaşıl geyindirsən çox eybəcər olar. Elə qızlar var ki, firuzəyi rəng onları boğur, amma elələri də var ki, onlara mükəmməl yaraşır. Buna görə, hər rəng geyimlərimiz var. İlk olaraq həvəs, maraq, diqqət yaratmaqdan üçün gərək qurban verəsən. Buna görə də, biz əksər kostyumları hədiyyə veririk.
Ekspress.az