Ən dəyərli əşyalarımızı necə saxlamalı?

24 May 2013 14:20
Zaman keçdikcə zinət əşyaları parlaqlığını itirə, çirklənə bilər.

Zərgər Emin İsmayılovun sözlərinə görə, zinət əşyalarının üzərinə zaman keçdikcə toz qonur: "Bundan başqa, əlləri yuduqda və ya təmizlik işləri apardıqda istifadə olunan müxtəlif yuyucu vasitələrin təsirindən də qaşlar əvvəlki gözəlliyini itirir, qiymətli metallar isə cızılır".

Həmsöhbətimiz bildirir ki, zinət əşyaları, misal üçün, mirvarinin bəzi növləri uzun müddət taxılmadıqda korlanır. Ümumiyyətlə, mirvaridən olan zinət əşyalarını tez-tez taxmaq məsləhət olunur. Bu cür onlar gözəlliyini daha çox saxlaya bilir. Zərgər əlavə edib ki, mirvarini bir müddət taxmamaq istəyirsinizsə, yumşaq materiala büküb qaba qoymaq lazımdır. "Amma bu zaman fikir vermək lazımdır ki, qaba hava daxil olsun. Mirvarinin keyfiyyətini qorumaq üçün ətir, kosmetik vasitələr istifadə etməzdən əvvəl onu çıxarmaq, yumşaq əskiyə bükərək kənara qoymaq lazımdır. Kosmetik vasitələrdən istifadə etdikdən 10 dəqiqə sonra isə mirvarini yenidən taxmaq olar. Mirvarilər zaman keçdikcə kirlənir. Onları təmizləmək üçünsə yumşaq parça ilə silmək və ya zeytun yağı sürtərək təmizləmək məsləhətdir".

E.İsmayılovun dediyinə görə, bəzi qaşlar günəş şüasının təsirindən parlaqlığını itirir. Ona görə də zinət əşyalarını günün altına qoymaq onların görünüşünə mənfi təsir göstərə bilər. Yaxşı olar ki, zinət əşyaları qabda saxlanılsın.

Qiymətli qaşlar da kimyəvi maddələrin, kosmetik vasitələrin təsirindən sola bilər. Bu səbəbdən də əlləri yuduqda, kosmetik vasitələrdən istifadə etdikdə, hovuza və ya dənizə getdikdə zinət əşyalarını çıxarmaq lazımdır. Qiymətli qaşları yerə salmaq, temperaturun kəskin dəyişdiyi yerdə saxlamaq olmaz.

Bəzi insanların yanlış olaraq qaşları təmizləmək istəyərkən diş məcunu və ya diş fırçası istifadə etdiyini deyən müsahibimiz bildirib ki, bu, qaşların görünüşünə mənfi təsir edər və xırda qaşların düşməsinə səbəb ola bilər. Bunun əvəzinə qaşları təmiz suda yumaq, yumşaq əski ilə silmək lazımdır. Ən yaxşısı isə zinət əşyasını təmizləmək üçün mütəxəssisə müraciət etmək və ya zinət əşyaları satılan mağazalarda, eləcə də zərgərlərdən qaşların təmizlənməsi üçün nəzərdə tutulan xüsusi məhlul və ya pastalar almaqdır.

Qiymətli metallardan xüsusilə də gümüşün mağazadan alındıqdan sonra tədricən rənginin qaraldığını müşahidə etmək olar. Belə ki, gümüş əşyaları təzə aldıqda parlaq və gözəl görünsələr də bir, müddətdən sonra qaralır və pis görünməyə başlayır. Bu zinət əşyalarının əvvəlki görünüşünü qaytarmaq üçünsə sirkədən istifadə etmək olar. Bunun üçün gümüşü sirkədə bir neçə saat saxlamaq lazımdır. Gümüşün parlaqlığını adi soda ilə də təmizləməklə qaytarmaq olar. Bundan başqa, suda sabunun bir hissəsini həll edib bir qədər naşatır spirti əlavə edərək alınan qarışıqla gümüşü yumaq olar. Bu məhlulda gümüşü yuduqdan sonra adi suda yaxalamaq və yumşaq əski ilə yüngülcə silmək məsləhət olunur. Gümüşdən olan zinət əşyalarını tabaşir və ya diş pastasına bir damla naşatır spirti əlavə etməklə də təmizləmək mümkündür.

Zərgərin sözlərinə görə, zinət əşyalarından daha çox qızıldan olanlara üstünlük verilir. Qızıl çox qiymətli olması ilə yanaşı, davamlı metaldır. Buna baxmayaraq qızıl da korlana, əvvəlki görünüşünü itirə bilər. Misal üçün, dəri üçün olan kosmetik və ya müalicəvi kremlər, mazlar qızılın üzərinə düşdükdə ağ rəngdə xırda ləkələr yaradır. Bu səbəbdən də qızılı bu vasitələrdən uzaq saxlamaq məsləhətdir. Qızıldan olan zinət əşyalarını təmizləmək üçün sabunlu suya salıb həmin suda yaxşıca yumaq, sonra isə yaxalayıb qurulamaq lazımdır. Bunu etdikdən sonra qızıl əvvəlki parlaqlığını qaytaracaq. Spirt və ya spirtli içkilərdən qızılı təmizləmək üçün istifadə etmək olmaz.

Qızıl suyuna salınmış zinət əşyalarını isə sirkə və pivə ilə təmizləyirlər. Bunun üçün sirkədə və ya pivədə əskini bir qədər isladıb zinət əşyasını silib adi suda yaxalayıb qurulayın. Qızıl suyuna salınmış zinət əşyalarının parlaqlığını qaytarmaq üçün yumurtanın ağından da istifadə edirlər.

Ekspress.az