Azərbaycan Beynəlxalq sərgiyə ev sahibliyi edəcək

21 May 2013 17:26
19 il ərzində "WorldFood Azerbaijan" sərgisi mövcud əlaqələrin möhkəmləndirilməsinə, yeni tərəfdaşların axtarışına və Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilmişdir. "WorldFood Azerbaijan-2013" sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" MMC və "ITE Group plc" şirkəti çıxış edirlər.

Milli.Az xəbər verir ki, "WorldFood Azerbaijan-2013" sərgisi rekord sayda eksponenti - dünyanın 31 ölkəsindən 179 şirkəti bir araya gətirərək həm iştirakçılar, həm də sərgi meydançası baxımından 27% artım nümayiş etdirmişdir. Ənənəvi olaraq, sərgidə MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edirlər. Eksponentlərin ümumi sayının 38%-ni təşkil edən yerli şirkətlər də sərgidə böyük fəallıq göstərirlər. Belə ki, onların arasında öz seqmentində çoxdan bəri yaxşı tanınan "Azersun Holding", "Qəbələ Konserv Zavodu" MMC, "Şirin", "Milla" və digər şirkətlər, eləcə də öz potensialını geniş auditoriyaya nümayiş etdirmək kimi unikal fürsətdən yararlanan debütantlar var. Bu il sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca stendlə çıxış edəcək və burada şirkətlər Naxçıvanın məşhur bulaq suyunu, habelə xörək duzu, un və qənnadı məmulatlarını nümayiş etdirəcəklər.

Hər il sərgi daha çox sayda yeni iştirakçını özünə cəlb edir. Belə ki, bu il Azərbaycan, Rusiya, ABŞ və Türkiyə şirkətlərinin də daxil olduğu debütantlar ümumi iştirakçıların 45%-ni təşkil edirlər. İlk dəfə olaraq, "WorldFood Azerbaijan" sərgisində kommersiya təşkilatları ilə yanaşı, Latviya, Belçika və İranın milli qrupları da iştirak edəcəklər. Bu milli qrupların iştirakı həmin ölkələrin müvafiq dövlət orqanlarının fəal dəstəyi ilə təşkil olunub. Bu il sərginin tarixində ilk dəfə olaraq Özbəkistan və İordaniya şirkətləri də iştirak üçün Bakıya gəliblər.

Ənənəvi olaraq, "WorldFood Azerbaijan" sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir - qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink") və texnologiyalar ("WorldFoodTech"). Sərgidə qida sənayesi üçün avadanlıqlar, ət, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və geniş çeşidli içkilərdən ibarət stendlər təqdim olunacaq.

Artıq ikinci ildir ki, "WorldFood Azerbaijan" sərgisi ilə birlikdə keçirilən "Ipack Caspian-2013" Xəzər Beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya" sərgisi "Qablaşdırma" sektorunu təqdim edir. Azərbaycan, Macarıstan, Litva, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrdən olan şirkətlər qablaşdırma, qablaşdırma materialları və hazır məhsullar, eləcə də yarlıqlar və şüşə taraların istehsalı üçün qablaşdırma qurğuları və avadanlıqları nümayiş etdirirlər.

Sərgi zamanı məhsulların nümayiş etdirilməsi ilə yanaşı, iş adamları üçün faydalı və maraqlı tədbirlər də təşkil olunacaq. Belə ki, işgüzar proqram çərçivəsində 23 may tarixində saat 10:00-dan 18:00-dək "Global Marketing Group" şirkəti "İstehsalın planlaşdırılması, Anbarların idarə olunması (WMS) və Distribütor tərəfindən malların paylanılması zamanı marşrutun (Route) optimallaşdırılması" mövzusunda seminar təşkil edəcək. Digər seminar Aqrokimya şirkəti tərəfindən may ayının 23-də saat 11.00-dan 13.00-dək Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. Bundan başqa, bir neçə şirkət ziyarətçilər üçün qeyri-ənənəvi kulinariya üzrə həll variantlarını - ətin düzgün emalı və hazırlanmasına həsr olunmuş ustad dərsləri ("master-klass"), çörəkbişirmə prosesi, qida məhsulları və içkilərin dequstasiyası və bir sıra digər maraqlı tədbirlər hazırlayıblar.

7-ci Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisi

Hər il aqrar kompleksin aparıcı nümayəndələrini, habelə kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirən "AgriHort Azerbaijan-2013" 7-ci Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisi "WorldFood Azerbaijan" sərgisi ilə eyni meydançada keçirilir. Sərgidə Azərbaycan, Bolqarıstan, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən şirkətlər iştirak edirlər.

"Agrihort Azerbaijan" sərgisinin meydançası ötən il ilə müqayisədə 87% artmışdır. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, heyvanlar və balıqlar üçün yemlər, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdiriləcək. Builki sərginin əsas fərqləndirici cəhəti kənd təsərrüfatı texnikasına həsr olunan ekspozisiyanın genişlənərək Bakı Ekspo Mərkəzinin həm daxili, həm də açıq meydançasında təqdim olunmasıdır. Bu sektor çərçivəsində artıq ikinci ildir ki, kənd təsərrüfatı qurğularının istehsalı üzrə dünya liderləri hesab olunan alman şirkətləri birgə stendlə iştirak edirlər. Beləliklə, bu sərgi bütün mütəxəssisləri -  fermerlər və birbaşa istehlakçıları maraqlandıra biləcək bütün məhsulları nümayiş etdirir. Bu ilin aprel ayında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlamışdır. Bunun fonunda bu sahə üzrə sərgi və yarmarkalara olan tələbatı lazımınca qiymətləndirməmək qeyri-mümkündür, belə ki, onlar sərmayələr üzrə həll variantlarının qəbul olunmasında əsas informasiya mənbəyi hesab olunur. Yalnız sərgilər zamanı peşəkarlar qısa müddət ərzində sahənin nailiyyətlərinin daha geniş çeşidi ilə tanış olmaq, yenilikləri şəxsən sınaqdan keçirmək və mütəxəssislərin məsləhətlərini dinləmək imkanı qazanırlar. Sərgilərin keçirilməsi dünya ərzaq bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabətədavamlılığının təmin olunmasına bir çox baxımdan şərait yaradır.

Sərginin ilk iki iş günü yalnız mütəxəssislər, qida sənayesinin nümayəndələri, topdan və pərakəndə satış şirkətləri, habelə kənd təsərrüfatı məhsullarının idxalçıları və distribütorlar üçün açıq olacaq. May ayının 24-də isə arzu edən hər bir kəs sərgini ziyarət edə biləcəkdir.

Beləliklə, bu il "WorldFood Azerbaijan-2013" və "AgriHort Azerbaijan-2013" sərgiləri ölkənin qida və aqrar sektorlarının bütün müsbət inkişaf tendensiyalarını nümayiş etdirəcək və sıx beynəlxalq əlaqələrin qurulmasına, investisiya həcminin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Bu layihənin icrasına "ITE Group plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) və digər şirkətlər cəlb olunublar. Bunun sayəsində də sərgi öz çoxsaylı xarici iştirakçı və ziyarətçiləri ilə seçilir. "WorldFood Azerbaijan" sərgisi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrdə qida sənayesi sahəsində keçirilən ən böyük sərgiləri özündə birləşdirən dünyaca məşhur "WorldFood" sərgi brendinin tərkib hissəsidir. Bu əməkdaşlıq böyük üstünlük hesab olunur və sərginin təşkili üzrə təcrübəni mənimsəməklə yanaşı, sərgi və onun iştirakçılarını bu ölkələrin bazarlarında fəal surətdə təşviq etməyə də imkanı yaradır. Sərgi artıq 7 ildir ki, Beynəlxalq sərgi birliyi "UFİ" (Ümumdünya sərgi sənayesi assosiasiyası) tərəfindən təqdir olunur. "UFİ" tərəfindən təsdiq edilmişdir" nişanı sərginin beynəlxalq standartlara uyğunluğunu və yüksək səviyyədə təşkil olunduğunu nümayiş etdirir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("AZPROMO") və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə təşkilati dəstək göstərirlər. 2013-cü ildə "Iteca Caspian" MMC tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi otelləri qismində "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində isə "Greenwich Travel Club" şirkəti çıxış edirlər.

Milli.Az