Böyük dramaturqun ziyarətçisiz ev muzeyi - FOTO

20 May 2013 15:33
Nəinki Azərbaycanda, Qafqazda, Orta Asiyada, yaxın və qonşu türk-müsəlman ölkələrində Qərbyönümlü mədəni tərəqqinin formalaşmasında Mirzə Fətəli Axundovun böyük rolunun olması danılmazdı. Onun Şərq qiyafətli, Avropa düşüncəli ictimai fikrini və mədəniyyətin inkişafı yolunda böyük xidmətləri olub.

Hazırda da Şəkidə fəaliyyət göstərən M.F.Axundovun ev muzeyi ilə tanış olduqda onun sadaladığımız xidmətlərini təsdiq edən onlarla fakta rast gəlmək mümkündü.
Azərbaycanda ilk xatirə muzeyi olan bu muzey 1940-cı ildə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini keçirib. Muzey iç-içə olan iki kiçik otaqdan ibarət idi. Evin yaxınlığında başqa bir tikili də var. Bu, sonradan inşa edilib və burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb. M.F.Axundov ev muzeyi 2 binadan, həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir. Muzeylə tanışlığa ilk olaraq M.F Axundovun dünyaya göz açdığı kiçik otaqdan başladıq.

Otaqdakı buxarılar və rəflər evin şərq üslubunda tikildiyini göstərir. İç-içə olan bu iki kiçik otaq elə ilk baxışdan öz qədimliyi ilə diqqət çəkir. Evin qapısı çox alçaq idi. Həm çöl, həm də ev qapısından içəri keçmək üçün gərək başını aşağı əyəsən. Qapıların bu cür alçaqdan qoyulmasının səbəbini izah edən muzeyin bələdçisi Mehparə Ağayeva bunun çöldən gələn şəxsin içəridə olan şəxsə baş əyməsi kimi məna daşıdığını bildirdi: "Çöldən gələn şəxs qapıdan içəri keçmək üçün gərək əyilsin. Buda içəridə olan şəxsin qarşısında baş əymək, ona hörmətini göstərmək kimi izah olunur. Həmçinin qapı və tavanın alçaq olması evlərin qışda isti, yayda sərin olmasını təmin edir".

Digər otaqda isə M.FAxundovun anasının məişət əşyaları yer alır. Təxmini hesablamalara görə 1800-cü illdə tikilən bu evi Mirzə Fətəli Axundov əsərlərində hər zaman xatırlayıb: "1811-ci ildə Mirzə Fətəli Axundzadənin atası Mirzə Məhəmməd Tağı bu evi alır. 1812-ci ildə də isə Fətəli bu evdə anadan olur. İki il burada yaşadıqdan sonra onun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçürlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə müxtəlif bölgələrində yaşayıb. Mirzə Fətəli Axundovun atası ilə anası yola gedə bilmədiyi üçün Fətəli 1825-ci ildə anası ilə birlikdə yenidən Şəkiyə qayıdır. Elə bu vaxtdan da onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olur".

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə gedir. O, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilib.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc edib.

M.Axundov bədii yaradıcılığa "Səbuhi" təxəllüsü ilə şeirlə başlayıb. O 1850-1855-ci illər arasında özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyası coğrafiyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustadın qələmindən çıxmış "Hekayəti molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadküni - məşhur" (1850), "Hekayəti-xırs quldurbasan" (1851), "Sərgüzəşti-vəziri-xani Lənkəran" (1851), "Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara" (1852), "Mürafiə vəkillərinin hekayəti" (1855) adlı komediyaları ilə Mirzə Fətəli Axundzadə Şərq aləmində dram yazmağın nümunəsini göstərib".
Qeyd edək ki, dahi dramaturqumuzun ev muzeyini elə vaxt olur ki, ay ərzində bir nəfərdə olsa ziyarət etmir.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.