"Savab Dünyası" xeyriyyə cəmiyyəti və Procter&Gamble şirkəti Universitetlərdə qanvermə aksiyası həyata keçirir

15 May 2013 12:24
"Savab Dünyası" xeyriyyə cəmiyyəti və Procter&Gamble şirkəti Universitetlərdə Donor Sapiens adlı qanvermə aksiyası həyata keçirir. Aksiya 2013-cü ilin 14 və 17 may tarixlərində Bakı Dövlət Universitetində, 15 mayda Xarici Dillər Universitetində, 16 may tarixində isə Slavyan Universitetində keçiriləcək. Artıq bu gün ərzində (15 may) BDU-da 80 nəfərə yaxın tələbə qan vermə aksiyasında iştirak etmək üçün müraciət edib və onlardan 50 nəfər qan verib. Aksiya çərçivəsində toplanılan qan talassemiya, hemofiliya və digər qan köçürülməsi tələb edən xəstəliklər zamanı və təcili hallarda istifadə olunacaq.

Aksiya 8 may - Beynəlxalq Talassemiya Xəstəliyi ilə Mübarizə Gününə həsr edilir.

Təşkilatçılar aksiyada iştirak edən universitetlərin rəhbərliklərinə, tələbələrə və Mərkəzi Qan Bankının işçilərinə öz dərin minnətdarlığını bildirir. Qan verən tələbələrə Procter&Gamble şirkəti tərəfindən hədiyyələr veriləcək. Eyni zamanda, qanvermə aksiyasında şirkətin işçilərinin də iştirakı planlaşdırılır. Qeyd edək ki, Azərbaycanda 15 il fəaliyyət göstərən Procter&Gamble şirkəti bu illər ərzində keçirdiyi sosial və maarifləndirici proqramlar çərçivəsində 1,2 milyon insanı əhatə edib. Şirkətin əsas məqsədi istehlakçıların həyatını yaxşılaşdırmaq və onlara yaxın olmaqdır.

"Savab Dünyası" Talassemiya assosiasiyasının məqsədi talassemiyalı uşaqların problemini yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqla yüksək tibbi xidmətin təminatına nail olmaq və onları cəmiyyətimiz, dövlətimizin tamhüquqlu üzvünə çevirməkdir. "Savab Dünyası" Talassemiya assosiasiyası bu istiqamətdə fəaliyyət göstərən ən nüfuzlu qeyri - hökumət təşkilatıdır.