Azərbaycan serialında çəkilən türkiyəli aktyor: "Gənc qızlar haqqımda çox maraqlanırlar" - FOTOSESSİYA

16 May 2013 02:00
"3 bacı" serialında Tarık obrazı ilə tamaşaçıların və gənc qızların sevimlisinə çevrilən Şakan Ersan bu serialda çəkildikdən sonra bir neçə yeni təkliflər alıb. Şakan çəkiliş prosesi və aldığı təkliflər haqqında Milli.Az-a danışıb:

"Bu dəqiqə bütün diqqətimi "3 bacı" serialındakı Tarık roluna yönləndirmişəm. Buna baxmayaraq bir neçə reklam çəkilişlərindən də dəvət almışam. Gələn dəvətləri dəyərləndirməyi düşünürəm. Serialımız sürətlə irəliləyir, sezon finalına çıxması haqda, hələ ki, heç bir məlumatım yoxdur. Bu, mənim çəkildiyim ilk serialdır, əlimdən gələn qədər çalışıram ki, hər şey yaxşı olsun. Təbii ki, serialda olan aktyorlardan da çox şey öyrənirəm. Serialın rejissoru Siyavuş müəllimin də bu işdə böyük əməyi var. Tərəf müqabilim aktrisa Ülviyyə Əliyeva mənim serialda sevgilimdir, bizim aramızda tez-tez zarafatlar olur. Tarık əslində çox qısqanc biridir, Ülviyyə isə bütün ömrünü təcrübələrə həsr edib. Onun tək istəyi Nobel mükafatı almaqdır".

Şakan Ersan aktyorluqla yanaşı, digər maraqlarından da danışıb:

"Əslində, mən Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin rus sektorunun məzunuyam. Əvvəllər idmanın basketbol növü ilə də sıx məşğul olurdum, bir az bu işə ara verdim, amma indi də bəzən bu idman növü ilə məşğul oluram. Modelliyi isə bir hobbi kimi çox sevirəm. Professional model deyiləm, amma yaxınlarım professionallardan da yaxşı olduğumu söyləyirlər (gülür). Sağ olsunlar, gənc qızlar haqqımda çox maraqlanırlar, onlara layiq olmaq üçün əlimdən gələni edirəm (gülür)".

Əli Novruzəliyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.