İlkin Əhmədov: "Hər xanəndə muğamı Vətən kimi qorumalıdır"

7 Fevral 2010 15:10
Bu sözləri Milli.Az-a açıqlamasında Birinci Respublika Muğam müsabiqəsinin laureatı, Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov deyib.

İ.Əhmədov, muğamda hər hansı improvizələr etməyin əleyhinə deyil: "Muğamın o qədər açılmayan sirrləri var ki, hər bir xanəndə çalışmaqla, gərgin məşqlərlə, səy göstərməklə, bacarıqla burada yenilik yarada, improvizə edə bilər. Muğamın bəlli çərçivəsini saxla, muğamın özəyini, kökünü saxla, sonra nə istətyirsən elə. Mən muğamın kökünə toxunmağın qəti əleyhinəyəm. Şükürlər olsun ki, heç toxunan da yoxdur."

Gənc xanəndə bildirir ki, muğam çox dərin və şaxəli janr olduğu üçün, sənətdə olduğu 10 il ərzində özü muğamı heç 10 faiz belə mənimsəməyib. 

Son illər Azərbaycan muğamının xeyli inkişaf etdiyini vurğulayan İ.Əhmədov bildirir ki, dünyada birinci yerə çıxan, qalib olan da həmişə Azərbaycan muğamı olur: "Allah Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan razı olsun. Onun dəstəyi, köməyi sayəsində Azərbaycan muğamı istər ölkədə, istər dünyada yüksək səviyyədə təbliğ olunur" - deyə gənc ifaçı əlavə edir.

Bu yaxınlarda Çinin Şanxay şəhərində qastrol səfərində olan ifaçı çinlilərin Azərbaycan muğamına heyran olduqlarını deyir: "Çində də muğam var. Urumçidə yaşayan türklər də muğam oxuyur. Amma Azərbaycan muğamı başqa aləmdir. Şanxaydakı konsertimiz zamanı çinlilər özləri də bizim muğamın möcüzəli musiqi olduğunu etiraf etdilər."

İlkin Əhmədov yaz aylarında solo konsert verməyi planlaşdırdığını söyləyir: "Konsertdən əlavə də xeyli planlarım var. Hər bir xanəndə kimi mən də muğamlarımızdan ibarət dəstgah oxuyub lentə yazdırmaq istəyirəm. Bundan əlavə, opera səhnəsində Məcnunu oynayıram. Arzum opera səhnəsində Aşıq Qərib, Şah İsmayıl, Əsli Kərəm kimi obrazları da oynamaqdır".

Leyla
Milli.Az