Podaqra ilə səhv salınan baş barmaq çıxıntısı...

8 May 2013 19:36
Artıq Azərbaycanda ağrımayan bədənə xəstə kimi yanaşmırlar. Xəstə olan insan mütləq ağrımalıdır fikri ilə yaşayan insanlar hər şeyi ev üsulu ilə müalicə etməyə çalışır. Çox zaman buna nail olanlar ətrafdakılara da eyni üsulları məsləhət görür. Nəticə isə hər zaman ürəkaçan olmur. Çünki bir-birinə bənzəyən və tamamilə ayrı səbəblərdən meydana gələn xəstəliklər çoxdur. Belə xəstəliklərdən biri isə baş barmaq çıxıntısıdır.

Baş barmaq çıxıntısı cəmiyyətdə geniş yayılmış bir haldır. Ən çox qadınlarda yaranan baş barmaq çıxıntısı ilk vaxtlar elə də ağrılı olmadığı üçün, əksər qadınlar buna fikir vermir. Əksəriyyəti isə bunu podaqra kimi tanınan digər bir xəstəliklə səhv salıb türkəçarələrlə müalicə etməyə çalışır. Qadınlarda daha çox yayılmasının səbəbi isə onların hündürdaban ayaqqabılara daha çox meyl etməsi və xüsusən yay aylarında narahat ayaqqabı geyinməsidir. Demək olar ki, hər 5 qadından 2-də bu hal var. Daim geyinilən hündürdaban ayaqqabılar nəticəsində ayaq barmaqları bu ağırlığa tab gətirmir və müəyyən müddətdən sonra deformasiyaya uğrayır. Zamanla baş barmaq içəri, onun altında olan daraq sümüyü isə çölə doğru əyilməyə başlayır. Ayaq iç tərəfdən əlavə sümük çıxarmış kimi görünür. Normal sağlam ayaqda baş barmaq düz olur və onun altında yerləşən daraq sümüyü də baş barmaq istiqamətində yerləşir. Lakin çıxıq olduqda baş barmaq digər 4 barmağa tərəf əyilir, barmağı dəstəkləyən daraq sümük isə tam əksinə yönəlir.

Ortoped Rufid Ağayevin sözlərinə görə, ayaqqabı geyinmədikdə çıxan baş barmaq insana ağrı verməz. Yəni, bilək, qol çıxıntısı qədər ağrılı bir vəziyyət olmaz. Ayaqqabı geyinilən zaman baş barmağın yanında olan, çıxıntıdan meydana gələn şişlik ayaqqabıya dirəndiyi üçün ayaqda qızarmalar, ayaqqabı sərt materialdan olduğu zaman isə ağrılar meydana çıxar. Lakin bir şeyi bilmək lazımdır. Onun dediyinə görə, ayağın, baş barmağın kənarındakı çıxıntı ilə barmağın düz üstündəki çıxıntı tamamilə fərqli fərqli xəstəliklərdir. Bunları qarışdırmaq olmaz, çünki hər birinin ayrı müalicə metodları var: "Çıxıntı zamanı xanımların ən çox narahat olduğu məqam bağlı ayaqqabılarda o çıxıntının qızarması, yaxud ağrıması, açıq ayaqqabılarda isə ayağın görünüşündə kəskin çirkin bir görüntünün meydana gəlməsidir. Normalda ayaq barmaqları ayaqqabının içində, yaxud ayaqyalın ikən düz durmalıdır. Amma deformasiyaya uğramış ayaqlarda barmaqlar yuxarı qatlanmış formada olur və qatlanan hissədə kiçik mazola bənzər sümük sərtliyi yaranır. Xəstələr artıq ayağın növbəti barmaqlarında problem olduğu zaman həkimə müraciət edirlər".

Baş barmaq çıxıntsından əziyyət çəkən qadınlar yay aylarına bir növ ağrıdan xilas kimi baxırlar. Yay aylarında ayaqqabılar açıq və burnu gen olduğu üçün bu fəsildə qadınlar az da olsa bu problemdən yaxa qurtarırlar. Kişilərdə olduqda isə bu daha çətin olur. Ayaqqabılarda belə özünə yer edən çıxıntılar daha ağrılı olur, çünki kişi ayaqqabıların materialları daha sərt olur.

Müalicəsinə gəlincə, ortoped bildirir ki, baş barmaq çıxığının müalicəsi mövcuddur və iki yolla olur. Birincisi, xəstələrin geyindiyi ayaqqabıların hamısının dəyişdirilməsi və hündürdaban ayaqqabıların tamamilə ləğv edilməsi. Burun hissəsi daha yumuşaq və formaca daha geniş olan ayaqqabılar seçilməlidir ki, ağrı az da olsa zəifləsin: "İkinci yol isə baş barmağın kiçik bir əməliyyatla yenidən öz yerinə qaytarılmasıdır. Əməliyyatdan 6-8 həftə sonra barmaq tamamilə yerinə oturur və ağrılar aradan qalxır. Əməliyyat estetik gözəlliyi bərpa etmək üçün edilmir".

Baş barmaq çıxıntısı podaqra ilə eyni xəstəlik deyil. Görünüşcə bir-birinə bənzəsələr belə hər ikisi ayrı-ayrı səbəblərdən yaranmış xəstəliklərdir. Birincisi, ayaq barmaqlarının ayaqqabılara bağlı olaraq deformasiyaya uğraması və bundan qaynaqlanan barmaq şişlikləridir. Podaqra isə maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunan xəstəliklər qrupuna daxildir. Bu mübadilənin pozulması özünü böyrək daşlarının və oynaqlarda kristalların əmələ gəlməsi ilə göstərir. Bu kristallar mexaniki olaraq oynaqların səthini zədələyir ki, bu da oynaqların iltihabı ilə nəticələnir. Bu, podaqranın əsas əlamətlərindən biridir. Əsasən ayaqlarda baş barmaqla ayaq darağı arasındakı oynaqlarda bərkimə müşahidə olunur. Bu düyünlər 2-3 sm ölçüdə olur. Ona görə, ortopedlər ayaqlarda olan bu şişkinliyi rentgenə salır və orda problemin çıxıq, yoxsa podaqra olması aşkar görünür.

Ekspress.az