Dünyanın ən cəsur atası: ayını yumruqlayıb döydü - FOTO

5 May 2013 11:25
Qrizli ayısı isə ən təhlükəli və böyük yırtıcılardan biri, bəlkə də, birincisidir.
ABŞ-ın Alyaska ştatında yaşayan bu ayılar qəddar, amansız və çox hiyləgər qatillər sayılır.
Qrizli ilə qarşılaşan insan təcrübəli ovçu deyilsə, onun ölümü qaçılmazdır.
Fəqət, bir amerikalı ata qrizlini məğlub edib.
İnanılmaz olsa da, o, nəhəng, dal ayaqları üsə qalxanda boyu 2,2 metrə çatan ayını yumruqlayaraq qaçmağa vadar edib.

Milli.Az Mail Online-a istinadən bildirir ki, 48 yaşlı bioloq Tobi Börk ailəsi ilə birlikdə Alyaskadakı Kenay yarımadasına, Kenai National Wildlife Refuge-a yollanmışdı.
Burada o, quşların miqrasiyasını müşahidə etmək və eyni zamanda ailəsi ilə birlikdə təbiət qoynunda istirahət etmək niyyətində idi.

Tobi arvadı Laura, 11 yaşlı qızı Qreys, 8 yaşlı oğlu Demien və 7 aylıq qızı Kamilla ilə birlikdə Kasilof çayının sahilində çadırda idi.
Tobi səhər saatlarında çadıra tərəf nəhəng qrizli ayısının yaxınlaşdığını gördü.
Yırtıcı çox uzaqda idi.
Erkək ayı çox qəzəbli, ac idi.
"Onu görən kimi anladım ki, aqressivdir, özü də xəstədir. Xəstə və aqressiv, erkək qrizli ayısı ölümcül təhlükə mənbəyidir. Arvadıma dedim ki, belə ayını mütləq öldürmək gərəkdir. Çadırdan çıxdım, Lauraya dedim ki, dərhal uzaqlaşmalıyıq", - Tobi deyib.
Tobi və ailəsi qaçaraq çadırdan uzaqlaşmağa başlayıblar.
Balaca Kamilla Tobinin qcağında idi.
Onlar sahildən uzaqlaşmağa başlayıblar.
Adətən belə hallarda qrizli ayıları fikirlərini dəyişir və insanın arxasınca düşmürlər.
Lakin bu ayı çox hirsli və ac olduğundan ailəni təqib etməyə başlayır.
Tobi 400 metr aralıdakı ayının sürətlə yaxınlaşdığını görüb və anlayıb ki, qaçıb canlarını qurtara bilməyəcəklər.

"Ayı artıq bizə çatırdı. Laura uşaqları da götürüb qaçmaq istədi. Ona çəmkirdim, "Dur yerində, tərpənmə!" dedim. Çünki Laura uşaqlarla birlikdə qaçsaydı, ayı mütləq onları haqlayacaq və parçalayacaqdı. Qucağımdakı Kamillanı arvadıma verdim və onlara çox asta şəkildə, tələsmədən yana çəkilməyi söylədim", - Tobi söyləyib.
Ayı isə yaxınlaşıb, Tobiyə çatıb.
Qrizli qarşısındakı şikarı parçalamaq üçün arxa ayaları üstə qalxaraq qollarını yana açıb və Tobiyə öldürücü, ilk və son zərbəni vurmağa hazırlaşırdı.
Tobi naçar qaldığını, qaçmağa və ya qurtulmağa imkan olmadığını anladı.
O, ayını vurmaq üçün dəyənək, ya ağac budağı axtarırdı.
Yanında, sadəcə, fotoaparatın ağır ştativi vardı.
Tobi ştativi götürüb və ayını qabaqlayaraq yırtıcını vurub.
Ştativ ayının ağzına dəyəndə yrıtıcı daha da qeyzlənib və Tobini sağ pəncəsi ilə vurmaq istəyib.
Gəncliyində boksla məşğul olmuş Tobi zərbəni gözləməyərək ayının ağzına bərk yumruq vurub.
Qəfil zərbə alan ayı çaşıb.
Tobi yumruqlarını işə salıb və yırtıcını yumruqlamağa başlayıb.
Ayı qorxub, böyürərək qaçıb.

"Çox qorxmuşdum. Amma anladım ki, o dəhşətli yırtıcı ilə ailəmin, arvadım və uşaqlarımın arasında mənəm. Ayının qarşısından çəkilsəydim, heç bir şansımız qalmayacaqdı. Əynimdə möhkəm parçadan gödəkcə olduğundan ayı pəncəsi ilə məni yaralaya bilmədi. O qaçdı. Bir qədər sonra isə özümə gəldim, meşəbəyilərə zəng vurdum. Onlar gəldilər, ayının izinə düşüb yırtıcını vurdular", - Tobi Börk deyib.

Alyaska Balıqçılıq və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Ceff Sellincerin dediyinə görə, Tobi Börkün bəxti gətirib.

"Onun qarşılaşdığı ayı 20 yaşlı idi və Tobiyə qədər çox yəqin bir neçə dəfə insanlarla qarşılaşıb. O ayı insanın təhlükəli "canlı" olduğunu bildiyindən qaçıb. Yoxsa qrizlinin Tobini və ailəsini parçalayacağına şübhə olmazdı", - Sellincer deyib.

Lauranın dediyinə görə, qızı Kamilla qucağında yatırdı və ayının hücumu zamanı da ayılmayıb.

Milli.Az
Xəbərin mənbəyi:





Fotolar: Daura Burke