Linkedin pərişan olub
3 May 2013 19:46
Buna görə bu il onun inkişafı bir qədər zəifləyə bilər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən gün səhər "LinkedIn" sosial şəbəkəsinin səhmlərinin qiyməti ilk dəfə olaraq 200 dolları ötüb. Lakin şirkət mənfi proqnoz elan etdikdən sonra səhmlərin qiyməti 10% azalaraq 181,22 dollar olub.
Şirkətin hesabatına əsasən, hazırda onun istifadəçi bazası təxminən 225 milyondur. Xatırladaq ki, ötən rüb bu göstərici 202 milyon olub. "LinkedIn" sosial şəbəkəsinin baş direktoru Ceff Veyner qeyd edib ki, şirkət müxtəlif kontent əlavə etməklə, ixtisaslaşdırılmış onlayn layihə və digər mexanizmlər işə salmaqla sonrakı inkişafını təmin etmək niyyətindədir. Veyner, həmçinin deyib ki, bütün bunlara baxmayaraq, "LinkedIn" gələcəkdə də peşəkar istiqamətini qoruyub saxlayaraq digər sosial şəbəkələrdən fərqlənəcək.
Birinci rübdə şirkətin xalis mənfəəti 22.6 milyon dollar olub. Müqayisə üçün, ötən il bu göstərici 5 milyon dollar idi. Sözügedən sosial şəbəkənin satışlarının həcmi 72% artaraq 325 milyon dollar təşkil edib.
Milli.Az