Yandıran xəstəlik

20 İyun 2013 03:30
Uşaq yaşlarında mexaniki travmaların ən ağır və təhlükəli formalarından biri yumşaq toxumalara yüksək temperatur təsirindən əmələ gələn yanıqlardır. Stasionar müalicə tələb edən məişət travmalarının 20 faizi yanıqların payına düşür. Yanıqların 69,1 faizi isə isti mayelərin təsiri nəticəsində baş verir.

Qanmaz uşaq

Həkim-pediatr Nigar Cəfərova deyir ki, 3 yaşa qədər uşaqlarda mərkəzi sinir sistemi, xüsusən də beyin qabıq hüceyrələri zəif təbəqələşdiyinə və onun qabıqaltı düyümlərlə əlaqəsi kifayət qədər olmadığına görə onlar etdikləri hərəkətlərin həyat üçün nə dərəcədə təhlükəli olduğunu dərk etmirlər. Heç də təsadüfi deyil ki, yanıqlar çox vaxt 3 yaşa qədər körpələr arasında daha çox təsadüf olunur. Adətən bu yaşlarda uşaqlar qaynar su vedrəsinə, qazana, vannaya düşürlər, ya da isti çayı, xörəyi öz üzərlərinə tökürlər. Bu zaman, əsasən, bud hissəsi, cinsiyyət üzvləri və kürək, baş, üz boyun döş və qarın yanır.

Yanğın dərəcələri

Həkim-pediatr qeyd edib ki, kiçikyaşlı uşaqlarda dərinin epiderma (dərinin üst qatı) zəif inkişaf etdiyinə və dərinin qalınlığının az olması sayəsində yanıqlar zamanı bəzən çox yüksək isti olmayan mayenin təsiri belə tez bir zamanda toxumaların dərinliyinə sirayət edir və geniş sahəni tutur. Yanığın ağırlıq dərəcəsi, əsasən, onun əhatə etdiyi sahədən, dərəcəsindən və uşağın yaşından asılıdır. Yanığın sahəsi və dərinliyi müəyyənləşdirir. Uşağın yaşı nə qədər kiçik, yanıq sahəsi isə nə qədər böyük olarsa, yanığın klinik mənzərəsi də bir o qədər ağır olur:

"Yerli əlamətlərin təzahürü əksərən yanığın dərinlik dərəcəsindən asılıdır. Yanıqlar, əsasən, 4 dərəcəyə bölünür. 1-ci dərəcəli yanıq şişkinlik və ağrı ilə xarakterizə olunur. Ağrı dəridə olan sinir uclarının termiki təsirdən qıcıqlanması və toxumalardan xaric olan eksudantın (mayenin) onlara təzyiqi nəticəsində baş verir. Termiki təsir nəticəsində dərinin səthi qatlarında iltihab əmələ gəlir. Kapilyarların kəskin genəlməsi nəticəsində onların divarından az miqdarda maye ifraz olunur ki, bu da yanıq nahiyyəsində toxumaların ödeminə səbəb olur. Bütün bu əlamətlər bir neçə saat və ya gün ərzində çəkilib gedir, dəri qabıqlanmaya başlayır".

Suluqlar

Həkimin dediyinə görə, 2-ci dərəcəli yanıq-termiki aqentin uzun müddətə toxumalara təsiri nəticəsində baş verir və müxtəlif ölçülü suluqların əmələ gəlməsi ilə xarakterizə olunur. Kliniki əlamətləri yanığın 1-ci dərəcəsində olduğu kimidir, ondan fərqli olaraq bu əlamətlər özünü daha parlaq göstərir və suluqlar meydana çıxır. Termiki faktorun təsirindən kapilyarlar kəskin genişlənir, onların keçiricilik qabiliyyəti artaraq plazmanı ətrafa buraxır ki, bu da epidermisin buynuz qatını aralarayaraq suluq əmələ gətirir. Əvvəlcə suluqların möhtəviyyatı şəffaf olur və tərkibi plazmanın tərkibi ilə eynidir. 2-3 sutka ərzində suluqların möhtəviyyatı laxtalanır və ya infeksiyalaşaraq irinə çevrilir. 8-12 gündən sonra epidermis qabıqlanmağa başlayır və onun altında zərif epitel ilə örtülü qırmızımtıl dəri örtüyü görünür:

"3-cü dərəcəli yanıq toxumalara təsir edən termiki faktor 70 dərəcədən yüksək olur. Ona görə də zülalların püxtələnməsi, toxumaların nekrozu və dəridəki sinir uclarının məhv olması baş verir. 4-cü dərəcəli yanıqda bütün dəri və dərialtı qatların hamısı nekrozlaşır. Burada əzələ, vətər və sümük də dərin zədələnməyə məruz qalır. İlk saatlarda, bəzən də ilk günlərdə yanığın dərinliyini ayırd etmək çətinləşir".

Oyanma, süstlük və şok

N.Cəfərova bildirib ki, şərti olaraq yanıq xəstəliyinin gedişatın 4 fazaya bölürlər.

1. Yanığın şok fazası. Klinik olaraq yanıq zamanı şokun qısa müddətli erektil (oyanma) fazası və uzun müddətli torpid (süstlük) fazası ayırd edilir. Elektir faza bilavasitə yanmadan sonra başlayır, uşqada oyanma baş verir, şiddətli ağrıdan şikayət edir. Tənəffüs sürətlənir, nəbz artır, arterial qan təzyiqi normal qalır. Bu hal tez bir zamanda torpid fazaya keçir. Xəstədə rəngin avazıması, ətrafların soyması, temperaturun düşməsi, sususzlyq, nəbzin zəifləməsi və tezləşməsi, bəzən də qusma baş verir. Ağır dərəcəli, böyük sahəni əhatə edən yanıqlarda beyin qabığının funksional tükənməsindən yanıq şokundan ilk günlər ölüm baş verə bilər. Yanıq travmasından sonra birinci 2-3 saat müddətində orqanizmdə baş verən ağır patofizioloji dəyişikliklər nəticəsində meydana çıxan şok birincili şok. Göstərilən müddətdən sonra baş verən şok ikincili şok adlanır. Şokun dərəcəsinə gəldikdə əgər yanıq aqressiyasından sonra baş verən pozuntular birinci 6 saat müddətində görülən tədbirlər nəticəsində xəstələr şokdan çıxırlarsa, onda söhbət yüngül dərəcəli şokdan gedir. Şoka qarşı aparılan fəal terepevtik tədbirlərə baxmayaraq, xəstələrin şokdan çıxması daha çox davam edirsə, onda bu ağır dərəcəli şok sayılır.

2. Yanığın kəskin toksemiya fazası. Pediatrın sözlərinə görə, bu zaman yanıq səthində parçalanmış zülallı maddələrin və mikroorqanizmin həyat fəaliyyəti nəticəsində əmələ gələn toksinlərin qana sorulması baş verir. Bu fazada uşaqların vəziyyəti olduqca ağır, rəngin avazıması, tənəffüsün səthiləşməsi, nəbzin tez-tez və zəif vurması müşahidə edilir.

3. Septiko-toksemiya fazası. Çox vaxt bu fazanı toksemiyadan fərqləndirmək çətin olur. Böyük irinli yanıq səthindən mikroblar və onların toksinləri qana sorulur, müqavimət qabiliyyəti zəifləmiş orqanizmdə tez bir zamanda sepsis başlayır. Bu dövr üçün anemiya, qanda sepsis əlamətləri və başqa orqanlarda metastatik ocaqların olması və arıqlama baş verə bilər.

4. Sağalma fazası. Bu fazada ümumi vəziyyətin normallaşması yaranın sağalması ilə xarakterikdir. Lakin bəzən düzgün aparılmayan müalicə nəticəsində müxtəlif nahiyələrdə çapıq və kontrakturalar əmələ gəlir.

Müalicə

Həkim-pediatr vurğulayıb ki, termiki yanıqların müalicəsi şok əleyhinə terapiyadan başlanılır. Bununla əlaqədar olaraq xəstəyə köçürülən məhlulların miqdarı, tərkibi, yeridilmə müddəti nəzərə alınmalıdır. Yanığın dərəcəsindən, lokalizasiya və sahəsindən asılı olmayaraq yanıq şoku əlamətləri olan bütün xəstələrə infizion-trasfuzion terapiya aparılmalıdır. Yəni bu xəstələrin damarına dərhal müxtəlif məhlullar yeridilir. 3 yaşa kimi uşaqlarda 10 faiz, böyük yaşlı uşaqlarda isə 20 faizdən çox yanıq sahəsi olan termiki yanıqlar şok əmələ gətirdiyinə görə sadalanan tədbirlər mütləq həyata keçirilməlidir. İnfizion terapiyanın davam etmə müddətinə gəldikdə o, yanığın dərəcəsindən və şokun ağırlığından asılıdır. Belə ki, əgər aparılan terapiya şokun profilaktikasına yönəldilibsə, xəstədə qusma, yoxdursa onda venadaxilinə 24 saat müddətində yalnız itirilmiş mayeyə əvəzləyici olaraq məhlul yeridilməlidir. Xəstələr çox vaxt ağır yanıqla klinikaya daxil olurlar.

Belə hallarda birinci iki sutka yeridilən məhlulun miqdarı xəstənin orta fizioloji sutkalıq suya olan tələbinə uyğun olmalıdır: "Qan yalnız xəstəyə 3-cü sutkadan sonra köçürülməlidir. 3 yaşa qədər uşaqlarda 20%-dən çox olan yanıqlarda qanköçürmə müalicənin əsas komponentlərindən biri olmalıdır".

Zəhra
Milli.Az