Səidə Quliyeva: "Qadın səadətini sənətimə qurban vermərəm"

10 Avqust 2010 10:31
- Məşhur bir mahnıda deyilir ki, ən vacibi evdəki havanın necə olmasıdır.  Evdəki havanı isə onun sakinlərinin qəlbindəki ovqat müəyyənləşdirir.  Səidə Quliyevanın ovqatı bu gün necədir?

- Mən bakılıyam. Biz bu suala adətən belə cavab veririk: kəmşirin. Mənim ovqatım bu gün kəmşirindi. Bəzi adamların ovqatına hava durumu təsir edir. Bunu zəiflik əlaməti hesab edirəm. Mən havadan asılı adam deyiləm. Darıxanda başımı işlə qatıram. Bu sənətimlə bağlı məşğuliyyət də ola bilər, ev işləri də ola bilər. Bir sözlə, adi insanam. Doğrudur, hərdən sənət  adamlarına qeyri-adi insanlar kimi baxırlar. Təbii ki, cox istərdim ki, həqiqətən də belə olsun. Aktyorun adı mifik təəssüratla bağlı olmalıdı. Sənət, sənətkar adiləşməməlidi. Bizdə belə təzahürü yalnız Leyla Bədirbəyli və Hökumə Qurbanovanın şəxsiyyətində görmüşük. Onlar doğrudan da əlcatmaz idilər. İndi isə hər şey adiləşib.  Sosial vəziyyətimiz elə səviyyəyə çatmalıdı ki, tamaşaçılar bizi dükan-bazarda görməsinlər.

- Aktrisa olmaq asandır, yoxsa ömür-gün yoldaşı və ana?

- Üçü də cətin və məsuliyyətli missiyalardı. Məsuliyyətli şözü burda daha cox yerinə düşür. Aktrisa üçün isə bu məsuliyyət daha böyükdür.

- Dünyanın hər yerində qadın səadətindən məhrum olan aktrisalar bunun səbəbini peşələri ilə bağlayırlar. Sizin həyatınızda belə seçim məqamları olubmu?

- Mən o fikirlə razı deyiləm. Həmin aktrisalar söz tapa bilmədikləri üçün belə deyirlər.  Mənim üçün birinci yerdə şəxsi həyatımdı, oğlumdu. Amma bu, heç də o demək deyil ki, mən sənətimi daha az sevirəm, ya da tamaşaçılarıma qarşı məsuliyyətsizəm. Sadəcə, hərəsinin öz yeri var. Heç vaxt heç ağlıma da gətirməmişəm ki, qadın səadətini sənətimə qurban verim. Doğrudur, mən ailə quranda artıq sənətdə müəyyən uğurlarım var idi. Amma əgər ailə qurduğum insan səhnəyə çıxmağıma, filmlərə çəkilməyimə razılıq  verməsəydi, sənətdən uzaqlaşardım.

- Çoxdandır dublyaj olunmuş filmlərdən sizin səsinizi eşitmirik...

- Bu sualı mənə tanımadığım insanlar da verirlər. Dublyajdan uzaqlaşmalı oldum. Nədənsə, birdən-birə mənim səsim heç kimə lazım olmadı. Halbuki 32 ildir, bu işlə məşğulam. Necə deyərlər, artıq bu isdə bişmişəm. Üstəlik, tamaşaçılar mənim səsimin yerinin göründüyünü deyirlərsə, deməli zəhlələrini tökməmişəm. Amma dublyaj studiyalarıdan hələ bir təklif yoxdur.

- Bəs Akademik Milli Dram Teatrının səhnəsində, kinoda Sizi yeni rollarda görəcəyikmi?

- Bilirsiniz ki, teatrımız əsaslı təmirdədir. Səbirsizliklə onun açılacağı günü gözləyirik. Ümumiyyətlə, mövsüm bağlanandan sonra teatrın yanından kecəndə bir nisgil duyuram. İndi isə xüsusilə - elə bil evimin təmirinə baxıram. Teatrımızın yeni direktoru çox ziyalı insandı. Ümid edirik ki, truppanın fəaliyyəti yeni yaradıcılıq axtarışları ilə dolğunlaşacaq.  Teatrda müxtəlif xarakterli rollarım var. Ən son rollarımdan biri "Uçqun" tamaşasında oldu. Bu tamaşa Konyada keçirilən teatr festivalında çox böyük uğur qazandı. Amma təəssüf ki, bundan çox kiçik dairə xəbər tutdu. Bir qədər pul xərclənib Konyaya müxbir aparılsaydı, hamı bilərdi ki, Azərbaycan aktyorları beynəlxalq arenada necə qəbul edilirlər.
O ki qaldı kinoya, məgər Azərbaycanda kino cəkilir? Dövlət sifarişi ilə cox az film istehsal olunur. Məni daha cox Vaqif Mustafayev öz fimlərinə cəkib, o da 5-6 ildi bədii film çəkmir.

- Kinomuzda güclü, parlaq qadın obrazları "yox" dərəcəsindədir. Bəlkə əksəriyyəti kişilər olan ssenari müəllifləri və rejissorlar qadınları anlamaqda cətinlik çəkirlər?

- Ola bilər. Elə teatrda da bu problem var. Əli Əmirlidən başqa mütəmadi şəkildə Azərbaycan qadınının bu gününə diqqət yönəldən dramaturq tanımıram. Klassikaya  nəzər salsaq, görərik ki, hətta Şekspirdə də güclü qadın obrazı demək olar ki, yoxdur. Mən çox istərdim ki, Qarabağ münaqişəsinin qurbanına çevrilərək namusunu qorumaqdan ötrü özünü dağdan atan qadınlarımızın obrazı dramaturgiyamızda öz yerini tutsun. Qadın üçün bundan böyük şərəf ola bilməz.

Samirə Behbudqızı
Milli.Az