Dövlət Neft Fondu Rusiyanın iri bankının səhmlərinin alınmasına 500 milyon dollar investisiya yatırmağa hazırdır

29 Aprel 2013 20:26
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Rusiya bankı Bank VTB-nin 500 milyon dollara ekvivalent dəyərdə səhm paketini əldə etməyə hazırdır. Bu barədə Trend-ə ARDNF-dən bildiriblər.

"ARDNF Bank VTB-nin yeni emissiya olunacaq səhmlərinin bir hissəsinin alınması üçün öz təklifini açıqlayıb. ARDNF-nin irəli sürdüyü təklif 500 milyon ABŞ dollarına ekvivalent dəyərdə səhm paketinin alınmasını nəzərdə tutur, - ARDNF-dən deyiblər. - Bu məbləğ Bank VTB-nin yeni səhmlərinin emissiyasından sonrakı ümumi bazar dəyərinin təxminən 3%-ni əhatə edir".

Bankın məlumatına əsasən, Bank VTB-nin Müşahidə Şurası açıq yerləşdirmə üsulu ilə hər bir əlavə səhm üçün dəyəri 0,041 rus rublu olan 2,5 trilyon əlavə səhmlərin buraxılması yolu ilə 102,5 milyard rus rublu həcmində kapitala əlavə vəsaitlərin cəlb edilməsi haqqında qərar qəbul edib. Məlumata görə, Rusiya bankı əlavə səhmlərin buraxılışı və emissiyanın prospekti haqqında qərarı 26 aprel 2013-cü il tarixində qəbul edib.

Milli.Az