Süni örtüklü meydançaların yaratdığı fəsadlar

26 Aprel 2013 20:27
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, sintetik meydançalarda zədələnmək ehtimalı təbii ot örtüyü ilə müqayisədə xeyli yüksəkdir. Bu üzdən futbolçuların tez-tez zədələnməsi qaçılmazdır. Süni örtükdə məşq edib, oynayan klublarda top qovanlar buna öyrəşsələr də, "Kəpəz" kimi uzun illərdir təbii qazondan yararlanan komandaların üzvləri üçün bu cür meydançalar yenidir.    

Gəncə klubu şəhər stadionunun məlum vəziyyəti ilə bağlı Bakıya köçdükdən sonra komanda Dalğa Arenada sintetik meydançada məşq etmək məcburiyyətində qalıb. Bu vəziyyət "Kəpəz"li futbolçuların ürəyincə deyil. Süni örtüyə uyğunlaşa bilməyən oyunçuların məşq və ya matç zamanı zədələnmək riski artıb.

Həkim Şıxəli Həsənov: "Yalnız "Kəpəz" üçün yox, bütün futbolçular, idmançılar üçün sintetik meydanda məşq etmək çətindir. Çünki zədə riski çoxdur. Zədəalma ehtimalı ilə yanaşı, xroniki zədələrin baş qaldırması da mümkündür".

Nizami yurdunun təmsilçisi daimi olaraq zədə ilə bağlı 3-4 futbolçusunun xidmətindən məhrumdur. Zədəlilərin çoxluğu səbəbindən komandanın baş məşqçisi Mahmud Qurbanov hər oyun öncəsi heyəti qurmaq baxımından problemlərlə üzləşir.

Mahmud Qurbanov: "Gəncədə təbii ot örtüyündə məşq edirdi komanda. Burada isə süni örtükdə məşq edib, oyunlara çıxırıq. Zədəlilərimiz çoxalıb. Təbii qazonda oynamaq asandı, nəinki sintetikdə".

Komandanın hazırda da zədəli futbolçusu var. Bu, Nikolay Svejentsevdir. Rusiyalı müdafiəçi iki həftədir ki, ağrılardan əziyyət çəkir. Pirkuli Saparovun zədəsi isə daha ciddi olduğundan cərrahiyə əməliyyatı qaçılmaz olub. Nəticədə "Kəpəz"in türkmənistanlı üzvü mövsümü erkən bitirib.

Milli.Az