Qızıl alarkən nəyə fikir verməli? - ARAŞDIRMA
25 Aprel 2013 18:57
"6 ay öncə "Moskva" univermağından ağ qızıl adına 2 üzük aldım. Satıcıdan malların sertifikatını istəsəm də, bildirdi ki, bunlar boş şeydir, istənilən adam 5 dəqiqəyə sertifikat hazırlayıb verə bilər. Adam tanış olduğuna görə inandım və sertifikatı olmayan üzükləri aldım. Tanış olduğuna görə heç satıcıdan çek də istəmədim. Sözügedən zinət əşyalarını almağımın üstündən 5 ay keçəndən sonra gördüm ki, qızıllar sarımtıl rəngə çalır".
"Ağ qızıl aldım, sarı çıxdı"
Bu sözləri bizimlə söhbətində qızıl alarkən aldadıldığını deyən Cəmalə bildirdi. Şikayətçinin sözlərinə görə, indi aldığı qızılı nə geri qaytara, nə də dəyişə bilmir: "Üzükləri götürüb tanışımın yanına getmişəm, deyir ki, ağ qızıl qalandan bir müddət sonra zəif çalarlı sarımtıl rəngə çalır. Alıcı kimi bunu əvvəlcədən bilmək hüququm var, amma qızılı alarkən bu barədə satıcı mənə heç bir məlumat vermədi. Əlimdə çek də yoxdur ki, tanış olmasına baxmayaraq, aldatdığına görə tanışımdan aidiyyəti orqanlara şikayət edim".
Qeyd edək ki, hər il Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən satış obyektlərində həyata keçirilən reydlər nəticəsində minlərlə zərgərlik məmulatının üzərində əyarları və digər məlumatları düzgün yazılmayan zinət əşyalarının olduğu meydana çıxır.
Bu il aşkarlanan saxta qızıllar
Təkcə bu ilin I rübü ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib. Nazirliyin rəsmi saytından əldə etdiyimiz məlumata görə, tədbirlər zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15 min 535 ədəd zərgərlik məmulatı aşkarlanıb. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri sözügedən Dövlət Xidməti tərəfindən təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.
2013-cü ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136 min 120 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən, 10 min 400 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.
Ötən ilin saxta qızılları
Ötən il ərzində sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib, 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb, 15 sayda lisenziya ləğv edilib. Bununla yanaşı, lisenziyanın alınması ilə bağlı ərizə, 15 fiziki şəxs və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən elektron xidmət vasitəsilə daxil olub.
Belə ki, 67 sahibkarlıq fəaliyyəti subyektində aparılan yoxlamalar nəticəsində Xidmətə gətirilməsi təmin edilmiş zərgərlik məmulatlarının üzərində aşkar edilmiş mənşəyi məlum olmayan ad və əyar damğa izləri təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 415 min 644 manat məbləğində dövlət rüsumu ödənilib.
Nəyə fikir verək?
Bazarda Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən aşkarlanan kifayət qədər saxta, standartlara cavab verməyən, üzərindəki informasiyaların düzgün olmadığı zinət əşyalarının aşkarladığını nəzərə alsaq, hər gün onlarla adamın bazarda aldadıldığını demək olar. Çünki sözügedən Dövlət Xidmətinin hər gün bazarda reyd aparmaq imkanının olmadığını nəzərə alsaq, zərgərlik məmulatlarından başı çıxmayan alıcıların asanlıqla aldadıldığı danılmazdır. Alıcılar bazarda aldanmamaq üçün nə etməlidirlər? Qızıl alarkən nəyə fikir verməlidirlər?
Zinət əşyalarının satışı ilə məşğul olan zərgər Ramin Məmmədov bizimlə söhbətində bildirdi ki, alıcılar qızıl alarkən ilk növbədə qızılın əyarına baxmalıdırlar: "Fərqi yoxdur ağ, ya sarı qızıl olsun, əyar əsasdır. Çünki yüksək əyarlı qızılların tərkibində təmiz qızıl çoxdur. Ən yaxşı qızıl əyarı 750 olandır. Bu o deməkdir ki, aldığınız qızıl məmulatının 75 faizi təmiz qızıldır. Təsəvvür edin 10 qramlıq təmiz qızıldan 13.30 qram 750 əyarlıq qızıl məmulatı çıxırsa, 17 qramlıq 583 əyarlıq qızıl məmulatı hazırlamaq olur".
R.Məmmədov bildirdi ki, qızılda brilliant daş da əsasdır: "İlk növbədə daş ağ və təmiz olmalıdır. Daşın zərində heç bir ləkə olmamalı, sarımtıl rəngə çalmamalıdır".
Bazarlığa başı çıxan adamla gedin
Ramin Məmmədov məsləhət gördü ki, ümumiyyətlə, qızıl, bahalı zinət əşyası alarkən başı çıxan adamla birgə bazarlığa getmək lazımdır: "Əks halda, aldanmaq ehtimalı böyükdür. Bundan başqa, alıcılara çox ucuz mala qaçmamağı məsləhət görərdim. Çünki bəzi satıcılar Azərbaycan alıcısının əksəriyyətinin ucuz mala qaçmaq xüsusiyyətindən istifadə edərək keyfiyyətsiz, saxta malı aşağı qiymətə satışa çıxarırlar. Alıcıların çoxu bəlkə də illər sonra bilir ki, aldığı mal saxtadır, bəlkə də heç ömür boyu bundan xəbəri də olmur".
Malın sertifikatının olmasının onun keyfiyyətinə dəlalət etməsinə gəlincə, zərgər bildirdi ki, saxta mala da sertifikat düzəltmək çox asandır: "Sertifikat düzəldən aparatlar 500-1000 manatdır. İstənilən qızıl məmulatı satışı ilə məşğul olan sahibkar həmin aparatdan alıb yanına qoya və gümüş alana da aldığı malın qızıl olması barədə sertifikat verə bilər".
Zərgər onu da məsləhət gördü ki, alıcılar qızıl bazarlığına çıxarkən Dövlət Əyar Palatasının damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almasınlar: "Dövlət Əyar Palatasının qeydiyyatından çıxan qızılların üzərində bütün məlumatlar olduğu kimi yazılır".
Ağ qızıl məmulatının istifadə ediləndən 5-6 ay sonra sarımtıl rəngə çalmasına gəlincə, R.Məmmədov dedi ki, bu, təbiidir: "El arasında "qızıl suyu" deyilən radium məhlulu var. İstənilən qızıl məmulatı hazırlanarkən bu məhlulun içərisinə salınır. Ağ qızıl da istifadə edənin orqanizmindən və istifadəsindən asılı olaraq 5-6 ay, və ya 1 il sonra sarımtıl olur. "Əyarı 750-dirsə, qızıl məmulatı sarımtıl rəngə çalanda "şlifovka" edib radium deyilən aparata salmaqla yenidən ağ effekt vermək olur".
"Qərarın dəyişdirilməsinə ehtiyac var"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyinə görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: "Düşünürəm ki, bu qərarın dəyişdirilməsinə ehtiyac var. Çünki bu, alıcıların alıcı hüquqlarının pozulmasına gətirib çıxarır. Satıcı bilir ki, mal keyfiyyətsiz olsa belə, alıcının onu qaytarmaq imkanı yoxdur".
E.Hüseynovun fikrincə, alıcılar aldıqları keyfiyyətsiz qızılı geri qaytara bilmədiklərindən bu məmulatın alışı zamanı çox diqqətli olmalıdırlar: "İstehlakçının hüququ var ki, aldığı malın bütün sənədlərini, sertifikatını, haradan alınması barədə sənədi, qiymət sənədini və s. satıcıdan istəsin. Qızılın üzərindəki damğaya da fikir verilməlidir".
"Sertifikat istəmək yersizdir"
"Mərkəz Univermaq"da satıcı işləyən və adının çəkilməsini istəməyən müsahibimiz isə bildirdi ki, Azərbaycanda istehsal olunan mala sertifikat verilmədiyindən alıcıların onlardan sertifikat istəməsi yersizdir: "Düzdür, saxta sertifikat hazırlamaq o qədər də çətin deyil. Amma sertifikatın olması heç də malın saxta olmadığını deməyə əsas vermir. Bizdə aparat var, malı alarkən həmin aparatla əyarının, qaşının üzərində yazıldığı informasiyalarla üst-üstə düşdüyünü yoxlayırıq. Saxta malı qəbul etmirik. Amma daha çox pul qazanmaq istəyən sahibkarlar var ki, onlar üçün əsas puldur deyə, saxta malları da ucuz qiymətə alıb alıcını cəlb etmək üçün ucuz qiymətə də satırlar. Ümumiyyətlə, zinət əşyaları barədə Azərbaycan alıcılarının kifayət qədər anlayışı olmadığına görə onların aldatmaq çox asandır. Buna görə də qızıl alarkən başı çıxan adamla alış-verişə getmək lazımdır".
"Bazardakı qızılların 30 faizi saxtadır"
Eyyub Hüseynovun sözlərinə görə, bazardakı qızılların 30 faizi saxtadır: "Bunu mənimlə söhbətlərində zərgərlər özləri deyirlər. Bizə də aldanan alıcılar çox müraciət edirlər. Ancaq təəssüflər olsun ki, əllərində malı haradan, nə vaxt aldıqları barədə dəlil-sübut, çek olmadığına görə, onlara yardım edə bilmirik. Düşünürəm ki, Dövlət Əyar Palatası da istehlakçıların hüquqlarının qorunması sahəsində fəal deyil".
Mövzu ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladıq. Sözügedən ünvandan bildirdilər ki, suallarımızı ancaq Maliyyə Nazirliyinin mətbuat katibi cavablandıra bilər. Maliyyə Nazirliyinin mətbuat katibi ilə əlaqə saxlamağa çalışsaq da, gün ərzində zənglərimizə cavab verilmədi.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları istehsal edən fiziki və hüquqi şəxslərdə istehsal edilən əşyalar satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanmalıdır. Dövlət əyar damğası - zərgərlik məmulatlarının keyfiyyətinə dövlət zəmanətidir. Nazirlər Kabinetinin qərarıyla qızıl alındıqdan sonra geri qaytarıla bilməz. Buna görə də keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir.
Kaspi.az