Bakıda yol polisi yeni üsuldan imtina edib, yoxsa...

25 Aprel 2013 01:00
Bakı şəhərində qadağan olunmuş ərazilərdə park edilən maşınların yeni üsulla cərimələnməsindən o qədər də çox vaxt keçməyib. Yol polisi bu kimi qayda pozuntusuna yol verən sürücülərin maşınlarını cərimə meydançasına aparmadan cərimələməyə başlayıb. Lakin Milli.Az-a müraciət edən oxucular deyirlər ki, qanunsuz parklanmaya görə maşınlara artıq yerində protokol tərtib edilmir. İddia olunur ki, maşınlar kompüter vasitəsilə yerində şəkilləri çəkilərək protokolaşdırlması üsulundan imtina edilib. Yol polisi yenə də köhnə üsula qayıdıblar, yəni evakuatorla maşınları cərimə meydançasına aparmaq qaydasından istifadə edirlər. Bu, onu göstərir ki, maşınların evakuatorla aparmadan yerində cərimələnməsi sanki kampaniya xarakteri daşıyırdı...

Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, sürücülərin iradları qərəzlidir. Bakıda tıxacların, sıxlığın yaranmaması üçün, eyni zamanda dayanma-durmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanmış avtombil sürücülərinə qarşı iki formada tədbir görülür. Avtomobilin sürücüsü yanında yoxdursa, evakuasiya edilərək mühafizə olunan dayanacaqlara aparılır, həmiçinin yol patrul maşınlarına quraşdırılmış bort-kompüter vasitəsilə inzibati protokol tərtib edilərək maşının ön şüşəsinə qoyulur.

Bölmə rəisinin sözlərinə görə, hazırda hər iki üsulla proses davam etdirilir. Son iki gün ərzində paytaxtın "28 May", Rəşid Behbudov, Zərifə Əliyeva və digər küçələrində nişanların təsir zonasında dayanmış 40-dan artıq maşın sürüclərinə protokol yazılıb. Yol polisi bort-kompüter vasitəsilə protokol tərtib edilməsi üsulundan imkan daxilində geniş istifadə edir.

Anar Məmmədov
Milli.Az