Hücumların məkanı bilindi

24 Aprel 2013 20:15
Hesabata əsasən, Çin zərərli trafikin ən böyük mənbəyi olaraq qalır.

Belə ki, Akamai şirkətinin müştərilərinə edilmiş hücumların 41%-i adıçəkilən ölkə ərazisindən həyata keçirilib. Şirkətin hesabatına əsasən, 2012-ci ildə zərərli fəallıq nəzərəçarpacaq dərəcədə artıb, DDoS hücumların sayı isə 2011-ci illə müqayisədə 3 dəfədən çox artıb.

Akamai şirkəti 2012-ci ildə 768 iri DDoS hücumla qarşılaşıb ki, bu da ötən ilin göstəricisini 3 dəfə ötür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabata əsasən, 2012-ci ilin son rübündə Çin DDoS hücumların təşkili üzrə lider olub. ABŞ ikinci yerdə qərarlaşıb. 2012-ci ilə nəzər saldıqda əminliklə demək olar ki, Çin hücumların əsas mənbəyi olub - Akamai-dən bildirilib.

Bundan başqa, CDN operatorunun hesabatında deyilir ki, hazırda internetdə təxminən 700 milyon unikal İP ünvan fəaliyyət göstərir ki, bu da 2012-ci ilin üçüncü rübü ilə müqayisədə 2.4% çoxdur. 2012-ci ilin son rübündə internet qoşulmanın orta sürəti 5% artaraq 2.9 Mbit/s olub. Şirkətin məlumatına əsasən, ötən ilin son rübündə mobil trafikin həcmi 28% artıb.

Milli.Az