"AgriHort Azerbaijan" sərgisinin meydançası 30 faiz genişlənəcək
23 Aprel 2013 19:32
May ayının 22-dən 24-dək Bakı Ekspo Mərkəzində "Agrihort Azerbaijan-2013" 7-ci Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisi keçiriləcək. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkəti çıxış edirlər.
Milli.Az xəbər verir ki, bu layihənin icrasına "ITE Group plc" şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi - "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb olunublar. "Agrihort Azerbaijan" sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dəstək verir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
"Agrihort Azerbaijan-2013" sərgisi Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan olan kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirəcək. "Agrihort Azerbaijan" sərgisinin meydançası ötən il ilə müqayisədə 30 faiz genişlənmişdir. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdiriləcəkdir. Sərgi pavilyonun qarşısındakı açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.
2013-cü ilin aprel ayında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlayıb. Bunun fonunda bu sahə üzrə sərgilərə olan tələbatı lazımınca qiymətləndirməmək qeyri-mümkündür, belə ki, bu sərgilər unikal marketinq aləti və biznes əlaqələri üçün əla vasitə hesab olunur. "Agrihort Azerbaijan" sərgisində iştirakçılar öz şirkətlərinin uğurlarını nümayiş etdirəcək və ictimaiyyəti yeni brendlərlə tanış edəcəklər. Peşəkar ziyarətçilər isə üç gün ərzində perspektivli texnologiyalarla tanış olmaq və yenilikləri şəxsən sınaqdan keçirmək imkanına malik olacaqlar ki, bu da biznesin inkişafına müsbət təkan verə bilər. Bundan başqa, sərgini ziyarət etmək yeni podratçının seçilməsinə və xidmət təchizatçıları ilə danışıqların aparılmasına sərf olunan vaxta qənaət etmək üçün əla vasitədir. Beləliklə, bu cür ixtisaslaşdırılmış sərgilərin keçirilməsi sənayenin inkişafına kömək etməklə yanaşı, həm də dünya ərzaq bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabətə davamlılığının təmin olunmasına bir çox baxımdan şərait yaradır.
Milli.Az