1688 aviareys təxirə salındı
23 Aprel 2013 19:09
Milli.Az TRT-yə istinadən bildirir ki, Almaniyanın hava yolu şirkəti "Lufthansa" əməkdaşlarının xəbərdarlıq tətili elan etməsi ucbatından yüzlərlə reysini təxirə salmalı olub.
Şirkətdən verilən açıqlamada həmkarlar ittifaqının başladacağı tətil səbəbilə planlaşdırılan 1720 uçuşdan yalnız 32-sinin həyata keçiriləcəyi bildirilib.
Açıqlamada xüsusilə Almaniya və Avropa daxili qısa məsafəli uçuşlarda axsaqlıqların olacağı qeyd edilib. Sərnişinlərin uçuşlarının ləğv edilib-edilmədiyini öyrənmək üçün www.lufthansa.com ünvanından məlumat ala biləcəkləri vurğulanıb.
Almaniyada iş verən üzərindəki təzyiqi artırmağa çalışan "Verdi" həmkarlar ittifaqı "Lufthansa"nın təklifini qəbul etməyib. Təşkilat texniki işçilərin və xidmət işçilərinin iş şərtlərinin yaxşılaşdırılmasını və maaşların 5,2 faiz civarında artırılmasını tələb edir.
Milli.Az