Elektron ticarətin müsbət və mənfi tərəfləri - ARAŞDIRMA

19 Aprel 2013 19:25
Evdə oturumsan evdən kənara çıxmadan ürəyindən tort yemək, yaxud hansısa kinonu köçürmək üçün disk əldə etmək keçir, ya da körpənizə uşaq yeməyi almaq istəyirsiniz. Bu zaman İnternetə girib kartla istədiyiniz malın pulunu ödəyə və həmin malı əldə edə bilərsiniz. Təbii ki, malı sifariş etdiyiniz yerdən sizin evə çatdıracaqlar. Buna dünyada elektron ticarət (e-ticarət) deyilir.

Təəssüflər olsun ki, ölkəmizdə hələ ki, bu xidmət tam inkişaf etməyib. Yəni hansısa ərzağı almaq üçün mütləq mağazaya getməlisiniz. Ancaq geyimləri, texniki avadanlıqları elə ölkəmizdə də sifariş edə bilərsiniz. Amma yenə də ölkəmizdəki mağazalardan deyil, digər ölkələrdən, məsələn, Amerika, Yaponiya, Almaniya, İngiltərə, Çin və s-dən. Bunun üçün yenə də İnternetə girib malı sifariş etmək lazımdır. Ancaq məsafə uzun olduğuna görə malınız 15 günə, ya da 1 aya çatdırılacaq.

Ən çox geyim və bijüteriya sifariş olunur

E-Ticarət internet mühitində insanların müəyyən sistemlərlə məhsulları - ərzaqdan tutmuş avtomobilə qədər - pul qarşılığında satın alınması əməliyyatıdır. Pulu İnternet vasitəsilə ünvanına çatdırırsan, sonra da həmin ünvandan mal sənin ünvanına çatdırılır.

Qeyd edək ki, insanlar şəxsən online sifariş verməklə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif fiziki şəxs kimi fəaliyyət göstərən firmalar vasitəsilə də hansısa ölkədən mal sifariş edə bilərlər.

ONLINE SHOPPING AZERBAIJAN B.M.S company də belə şirkətlərdəndir. İki ildir ki, fəaliyyət göstərir. Facebook sosial şəbəkəsində bu adda səhifələri də var. Xaqani Ticarət Mərkəzində isə icarəyə ofis götürüblər. Şirkətin rəhbəri Mirsamir Bağıyev bizimlə söhbətində fiziki şəxs kimi fəaliyyət göstərdiklərini və sadələşdirilmiş vergi ödədiklərini dedi. Bildirdi ki, dünyanın hər yerindən mal sifariş edirlər: "Bu, müştərinin istəyinə bağlıdır. Malların çatdırılma müddəti isə 25-30 gündür. Sifariş etmək üçün öncə malın qiymətinin yarısı qədər ödəniş edilir. Ödənişi bizim ofisə gəlib etməlidirlər. Mal gəldikdən sonra isə müştəriyə xəbər edirik, pulu gətirərək malı təhvil alırlar".

Müştərilərinin planşetdən tutmuş çantaya qədər çox şey sifariş etdiklərini deyən M.Bağıyevin sözlərinə görə, onlara ən çox geyim və bijüteriya sifarişi verilir.

E-ticarətə üstünlük verənlər 3 dəfə artıb

Mal sifariş edəndə müştərinin onu bəyənməməsinə gəlincə, müsahibimiz dedi ki, belə hallarla rastlaşıblar: "Tutaq ki, şəkildə tünd göy rəngdə verilən geyimi sifariş etmişik, gələndə açıq mavi olub, yaxud paltar daha qısa, ya da uzun olub. Amma bu, nə mənim, nə də müştərinin günahıdır. Bu halda biz müştəriyə təklif edirik ki, mal qalsın, biz bunu satıb pulunu verək. Bir də müştərilərimizin hamısını maarifləndiririk ki, beynəlxalq saytdır, siz özünüz də bizim kimi malı sifariş edə bilərsiniz. Amma bizə sifariş etmənin üstünlüyü ondadır ki, malın qiymətinin yarısı əvvəlcədən ödənilir və əgər mal gəlməsə, biz o pulu müştəriyə qaytarırıq. Amma müştəri özü sifariş edəndə, bəzən pulu bata bilər və bunu heç kəs müştəriyə qaytarmır".

M.Bağıyev online sifariş zamanı, məsələn, sifariş verilən fotoaparatın sına biləcəyini də dedi: "Poçtda, yaxud gömrükdən keçərkən mal sına bilər. Bu halda biz müştərinin pulunu qaytarırıq. Sifariş verdiyimiz mal problemli gələndə onu geri qaytarmaq hüququmuz da var. Malı geri göndərmək üçün isə xərci biz çəkməliyik. İndiyə kimi yararsız mal gəlməsə də, yolda qırılan mal olub. Onu da heç geri qaytarmamışam, amma müştərinin pulunu vermişəm".

M.Bağıyev bildirdi ki, ötən ilin müvafiq dövrünə nisbətdə online sifariş vermək istəyən müştərilərinin sayı 3 dəfə artıb: "Əvvəl insanların elektron ticarətə o qədər də inamı yox idi. Amma indi inam getdikcə artıb. Müştərilərimiz artdığından gəlirimiz də artıb və buna görə də Xaqani Ticarət Mərkəzindən yer götürmüşük. Müştərilər buraya gələndə inamları daha da artır. Çünki görürlər ki, sifariş verən digər müştərilər gəlib mallarını götürürlər, yaxud mal sifariş edirlər".

Onu da deyək ki, Azərbaycanda elektron ticarət ənənəvi ticarət əməliyyatlarının cəmi 4 faizini təşkil edir. ABŞ-da isə ticarətin 80, Avropada 60 faizi elektron şəkildə aparılır.

Elektron ticarətin "+" və "-" tərəfləri

2 il öncə elektron ticarətlə məşğul olan Sabir Novruzlu bu sahədə yaxşı pul qazanmağın mümkün olduğunu dedi: "Ancaq e-ticarətin müsbət tərəfləri ilə yanaşı, riskləri də var. İnternetdə nəyisə sifariş edəndə aldanma riski var. Məsələn, Almaniyadan fotoaparat sifariş vermisiniz və pulunu da ödəmisiniz. Amma sonra Almaniyadakı şirkət sizi aldadır, pulu yolladığınız ünvandan götürsə də, malı göndərmir. Bu halda sizin harasa şikayət etməyiniz, müraciət etməyiniz heç bir nəticə vermir. Buna görə də sifariş verərkən əmin olduğunuz, dostlarınızın, tanışlarınızın heç olmasa, bircə dəfə də ola sifariş etdiyi ünvanlardan mal alın. Digər tərəfdən isə ödənişi düzgün etməsəniz, kredit kartınızın nömrəsinin kiminsə əlinə keçməsi riski yarana bilər".

S.Novruzlu e-ticarətin müsbət tərəflərindən də danışdı. Dedi ki, e-ticarətdə malı ən aşağası 2 dəfə, bəzi mallarda isə hətta 4-5 dəfə ucuz qiymətinə almaq olur.

Ənənəvi marketinq e-ticarətdən 4 dəfə bahadır

Qafqaz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Elçin Süleymanovun sözlərinə görə, xüsusilə qərb ölkələri, Amerika və Yaponiyada geniş tətbiq olunan e‐ticarət getdikcə Azərbaycanda da geniş vüsət almağa başlayıb: "E‐ticarətə müxtəlif təriflər vermək olar. Bəzi yanaşmalara görə e‐ticarət hər cür malın və xidmətin kompyuter texnologiyası, elektron rabitə kanalları və müvafiq texnologiyalardan istifadə edilərək alınıb satılmasıdır. Başqa bir yanaşmaya görə isə e‐ticarət, ödəmə prosesinin internet vasitəsilə həyata keçirildiyi alqı‐satqılardır. Elektron ticarətin inkişafı prosesinin internetin inkişafına paralel olduğu müşahidə edilməkdədir. E‐ticarət təbii ki, yeni bir ticarət istiqamətidir, ancaq müəyyən əsaslar və prinsiplər baxımından ənənəvi ticari metodlara oxşardır və çox vaxt eyni metodlardan istifadə edir. Dolayısıyla e‐ticarət, hər mənada yeni və ənənəvi ticarətə alternativ bir ticari metod deyil, informasiya və kommunikasiya texnologiyalarının inkişafına paralel olaraq ortaya çıxan və ticarəti asanlaşdıran bir yenilikdir".

E.Süleymanov bildirdi ki, ənənəvi marketinq fəaliyyəti internetə görə 4 dəfə daha bahalıdır. E.Süleymanov elektron ticarət əməliyyatlarında ABŞ‐ın lider olduğunu dedi: "Çünki ən güclü internet infrastrukturu və istifadəçisi Amerikadadır. Buna görə də inkişaf etməkdə olan ölkələr dünya bazarında daha çox paya sahib ola bilmək üçün elektron ticarətə yönəlməli və bunun üçün lazımi infrastrukturu yaratmalıdırlar".

Mütəxəssis e-ticarətin üstünlüyündən söz açdı və bildirdi ki, istehlakçı evindən, iş yerindən və ya hər hansı bir yerdən internetə qoşularaq zaman və məkan fərqi olmadan, hər zaman hər yerdən alqı-satqı həyata keçirə bilər: "İnternetdə alqı-satqı asan və əyləncəlidir. İstehlakçı, internetdəki bir çox məhsul arasından özünə ən uyğun məhsulu müqayisə ilə seçir və sürətlə satın alma əməliyyatını həyata keçirir".

Kaspi.az