"Sərdar Cəlaloğlu kimdir ki, Qazax camaatı barədə nəsə desin?"

18 Aprel 2013 14:44
Milli.Az Simsar.az-a istinadən bildirir ki, bu fikirləri Simsar.az-a açıqlamasında xalq şairi Vaqif Səmədoğlu deyib: "Qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə isə bəzi kiçik partiya sədrləri ara qarışdırmaqla məşğul olurlar. Azərbaycanı bölgələrə bölmək, bununla siyasi dividend qazanmaq və xalqı üz-üzə qoymaq olmaz. Bunu yalnız heç yanda tanınmayan bədbəxtlər edirlər. Sərdar Cəlaloğlunun Azərbaycanda haqqında pis danışmadığı nə iqtidarda, nə də müxalifətdə adam qalmadı. Onun Səməd Vurğun haqqında dediklərini təhqir hesab etmirəm, çünki ciddi adam deyil".

V.Səmədoğlu mətbuat vasitəsilə Qazax camaatına səslənib: "Qazax camaatının narahatlığından xəbərim yoxdur. Bu haqda tezliklə öyrənəcəm, amma Qazax camaatının ayağa qalxması və Sərdar Cəlaloğlunun üzr istəməsini tələb etməsini istəmirəm. Buradan Qazax camaatına səslənirəm, o nə danışırsa-danışsın, ona fikir veməyin, ona qarşı etirazınız onun reklamı olar".

***

"Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Xalq şairi Səməd Vurğunu təhqir etməsi, onun haqqıda "dılğır" ifadəsi işlətməsi Qazaxda böyük etiraza səbəb olub. ADP sədrinin çıxışı qazaxlıları hiddətləndirib və onlar Azərbaycan Yazıçılar Birliyinin Qazax Şöbəsinə toplaşıblar. Artıq rayonun əksər kəndlərində də bununla bağlı toplantılar keçirilir və imzatoplama kampaniyası başlayıb. Sıravi rayon sakinlərindən tutmuş ziyalılara kimi, hər kəs Sərdar Cəlaloğlunun bu hərəkətini pisləyir". Bunu isə modern.az saytına "Şərq" qəzetinin baş redaktoru, əslən qazaxlı Akif Aşırlı deyib. O bildirib ki, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri və qazaxlı ziyalılar yaxın günlərdə Bakıda toplanaraq Fəxri Xiyabanda Səməd Vurğunun məzarını ziyarət edəcəklər. Xalq şairinin məzarı önündə onun şeirlər külliyyatı yad ediləcək, qəbri üstünə gül dəstələri qoyulacaq.

A.Aşırlı qeyd edib ki, bu qərar Qazax Xeyriyyə Cəmiyyətinin toplantısında verilib. Qazax sakinləri Sərdar Cəlaloğludan işlətdiyi təhqiramiz ifadəyə görə üzr istəməsini tələb ediblər: "Ancaq belə görünür ki, partiya rəhbəri son açıqlamalarında üzr istəmək əvəzinə çıxışlarını əvvəlki ampluada davam etdirir. Qazaxlılar hesab edirlər ki, bu, ən azından mənəviyyatdan uzaq açıqlamalardır".

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu ötən həftə "Qafqazinfo"ya müsahibəsində Səməd Vurğun haqqında "Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi "dılğır"ın biri onları xalq düşməni edib", - deyə fikir bildirib.

Milli.Az