Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlandı

4 Avqust 2010 12:51
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 5 m3/san artaraq 163 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4, Ağstafaçayda fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 165 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenol və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,20-6,00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
 
Milli.Az