Mingəçevirdə musiqi müsabiqəsi keçirilib

13 Aprel 2013 17:13
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən "Azərbaycan mədəniyyəti" mövzusunda uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında respublika bilik müsabiqəsi keçirilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən müsabiqənin 2-ci zona turu Mingəçevirdə baş tutub.

Müsabiqəyə 13 rayonun uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri qatılıblar. İştirakçılar ilk olaraq, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Ardınca Heydər Əliyev mərkəzi ilə tanış olublar.

Daha sonra qonaqlara ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən "Şəxsiyyət" filminin nümayişi olub. Mədəniyyət və Turizm nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri və digər natiqlər çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin tarixi və müasir nailiyyətləri barədə gənclərə biliklərin aşılanması, böyüməkdə olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsidir. Qeyd edək ki, müsabiqə cari ilin aprel-may aylarında 12-16 yaşlı şagirdlər arasında həyata keçirilir. Test üsulu ilə keçirilən müsabiqədə hər bir iştirakçıya 30 sual verilir. Bildirək ki, 2-ci turda qalib gələn iştirakçılar Bakıda keçirilən final mərhələsinə qatılacaqlar. Final mərhələsində qalib gələn iştirakçılara diplom, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediləcək.

Milli.Az