AZAL "Boeing 787" üçün servis xidmətini seçdi

9 Aprel 2013 18:48
"A J Walter Aviation" (AJW) kampaniyası "British Airways Engineering"lə birgə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787" markalı təyyarələrə servis xidməti göstərəcək. Trend-in məlumatına görə, bu barədə AJW-nin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir.

Məlumatda bildirilir ki, kampaniya 2014-cü ildə Azərbaycana çatdırılması nəzərdə tutulan AZAL-a məxsus "Boeing 787" markalı təyyarələrə servis xidməti göstərmək məqsədilə seçilib. Şirkətlər ehtiyat hissələrlə təchizat, ehtiyatları idarə etmə və təmir işlərinin keçirilməsi üzrə xidmət göstərəcəklər.

QSC iki ədəd "Boeing 787 Dreamliner" markalı təyyarə sifarişinə malikdir. Hər bir təyyarənin qiyməti 90 milyon ABŞ dollarıdır.

Bu, AZAL-a daha uzaq məsafələrə, əsasən də Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və dünyanın digər regionlarına uçuşların həyata keçirilməsinə imkan verəcək.

Milli.Az