Fransa aviaşirkətinə Fələstin cəzası
6 Aprel 2013 17:35
İnsident 2012-ci ilin aprel ayında baş verib.
Fransadakı məhkəmə bildirib ki, ötən ilin aprel ayında Fələstin yönlü sərnişini İsrail uçuşundan çıxarmaqla Air France aviaşirkəti diskriminasiyaya yol verib.
Milli.Az BBC-yə istinadən bildirir ki, aviaşirkət Təl-Əvivə uçaraq başqa fələstinli qrupların keçirdiyi kampaniyaya qatılmaq niyyətində olan Horia Ankourun İsraill vətəndaşı və yaxud da yəhudi olmadığını öyrəndikdən sonra fəalı Nitsa-Təl-Əviv uçuşundan çıxarıb.
Fransa məhkəməsinin qərarına görə, aviaşirkət diskriminasiyaya görə cərimə şəklində 13.000 avro ödəməli olacaq.
AİR France xanım Ankourun İsraildə arzulounmaz şəxslər siyahısında olduğunu deyərək appelyasiya verəcəyini bildirib.
İnsident ötən ilin aprel ayında Təl-Əvivdən Qərb Sahilinə yürüşü nəzərdə tutan Fələstinə dəstək "Flytilla" kampaniyası vaxtı baş verib.
Air France işçisi 30 yaşlı Fələstin yönlü fəaldan yəhudi və İsrail vətəndaşı olub-olmadığını soruşub.
Hər iki suala mənfi cavab verən Horia Ankour-dan təyyarəni tərk etmək xahiş olunub.
Cümə axşamı Fransa məhkəməsi olayı irqi zəmində diskriminasiya kimi dəyərləndirib.
Air France fəalın adının İsrailə girişi yasaqlanan şəxslər siyahısında əks edildiyi üçün beynəlxalq razılaşmalara uyğun olaraq Ankourun həmin ölkəyə yollanan reysdən çıxarmaq haqqından istifadə etdiyini bildirib.
Belə görünür ki, xanım Ankour-un milli mənsubiyyətilə maraqlanmaqla iş irqi çalarlar alıb.
Milli.Az