"Azərikimya"nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb
5 Aprel 2013 19:54
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsal edilən kimyəvi məhsulların, o cümlədən xammal kimi istifadə olunan ilkin emal benzininin, quru qazın və s. mövcud texniki standartlar səviyyəsində alınmasında ilkin kimyəvi analizlərin dəqiqliyinin əhəmiyyəti nəzərə alınaraq, bu günlərdə Mərkəzi laboratoriyada Rusiya istehsalı olan, innovativ texnologiyalara əsaslanaraq yaradılmış kompüter sistemli analiz aparatları (xromotoqraflar) quraşdırılıb və məhsulların fiziki-kimyəvi analizlərinin daha müasir sistemlər əsasında aparılmasına başlanılıb.
İB-dən Trend-ə verilən məlumata görə, 20 ildən artıq idi istismarda olaraq, mənəvi və fiziki cəhətdən köhnələrək günün tələblərinə cavab verməyən analiz avadanlıqları və cihazlarının əvəzində indi 5 yeni kompüter-xromotoqraf kompleksi quraşdırılıb ki, onların vasitəsilə innovativ texnologiyalar əsasında etilenin, propilenin, butilen-butadien fraksiyasının, maye piroliz qatranının, mütləq izopropil spirtinin və digər kimyəvi məhsulların tam və dəqiq fiziki-kimyəvi analizləri aparılır.
Yeni texnologiyalı kompüter-xromotoqraflar əvvəllər texniki təchizatı zəif olan Mərkəzi laboratoriyada aparılması mümkün olmayan, digər müəssisələrdə yerinə yetirilən kimyəvi analizlərin də indi bilavasitə burada həyata keçirilməsinə imkan yaradıb.
Əvvəlki ənənəvi analiz metodlarından fərqli olan mütərəqqi texnologiyalar əsasında aparılan, xüsusi bilik və hazırlıq tələb edən metodlar üzrə işləməyi bacaran mühəndis-texniki işçilərin hazırlanması məqsədilə xromotoqrafların istehsal edildiyi "Xromotek" Qapalı Səhmdar Cəmiyyətinin Yoşkar-Ola şəhərindəki Xüsusi konstruktor bürosundan mütəxəssis dəvət edilib və yeni xromotoqraflarda işləyəcək mühəndis və laborantlarla treninqlər keçirilib. İstehsalçı müəssisənin nümayəndəsinin bildirdiyinə görə, "Azərikimya"da Mərkəzi laboratoriyanın müasir texnologiyalar əsasında yenidən qurulmasına xüsusi diqqət yetirildiyindən ilk elektron tipli xromotoqrafların quraşdırılması və sazlanma işləri müəssisənin mütəxəssisləri ilə birgə, həm də qısa bir zamanda uğurla başa çatdırılıb.
Hazırda zavodun mütəxəssisləri və laborantları lazımi analiz əməliyyatlarını sərbəst şəkildə və tam dəqiqliklə yerinə yetirirlər.
İstehsalatda və bütün köməkçi sahələrdə elmin son nailiyyətləri olan mütərəqqi texnologiyalar əsasında yeniləşmə və müasirləşmə prosesinin davamı olaraq Mərkəzi laboratoriya üçün daha bir neçə komplekt yeni xromotoqrafın alınaraq istifadəyə verilməsi nəzərdə tutulub.
Milli.Az