Azərbaycanlı kişi “odnoklassniki.ru” saytında yazışan arvadının başını kəsdi - ƏLAVƏ OLUNUB
2 Avqust 2010 10:15
Mingəçevirdə dəhşətli qətl hadisəsi baş verib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, avqustun 1-də saat 18:00 radələrində Mingəçevir sakini 22 yaşlı Yelena Smirnova həyat yoldaşı, Salyan sakini İlkin Alıyev tərəfindən qətlə yetirilib. İ.Alıyev arvadının başını kəsdikdən sonra könüllü olaraq polisə təslim olub.
İ.Alıyev cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ilkin dindirmə zamanı həyat yoldaşını "odnoklassniki.ru" saytında oğlanlarla tanış olub yazışmasına görə öldürdüyünü etiraf edib.
Mərhumun 2 yaşlı övladı qalıb.
------------------
Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən
məlumata görə, avqustun 1-də saat 18:30 radələrində Salyan rayon sakini,
25 yaşlı İlkin Alıyev, Mingəçevir şəhərində kirayənişin yaşadığı
mənzildə qeyri-rəsmi nigahda olduğu 22 yaşlı Smirnova Yelena
Aleksandrovnanı qısqanclıq zəminində bıçaqla 8-10 dəfə qarın, boğaz və
bədəninin müxtəlif nahiyələrindən vuraraq qəsdən öldürüb. Hadisədən
təxminən yarım saat sonra İ.Alıyev şəhər Polis Şöbəsinə könüllü gedərək
törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təqsirini boynuna
alıb.
Şəhər polis şöbəsindən daxil olmuş məlumat əsasında şəhər
prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə
məhkəmə-tibbi ekspertin iştirakı ilə video və foto çəkilişlər
aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi
sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb.
Faktla
bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə
cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.
Anar Məmmədov
Milli.Az