Qaş düzəldən yerdə göz çıxarmayın
3 Aprel 2013 18:33
Artıq köşklərdə, mağazalarda, metro keçidlərində, optika mağazalarında fərqli dizaynlı və qiymətli günəş eynəklərinə rast gəlmək mümkündür. Ancaq məşhur brendlərin çox ucuz qiymətə satılması bu tip eynəklərin keyfiyyətinə şübhə oyadır. Çox təəssüf ki, bir çoxumuz xarici görünüşə sağlamlıqdan daha çox əhəmiyyət veririk. Paytaxt sakinlərinin əksəriyyəti küçələrdə topdan və pərakəndə saxta günəş eynəkləri satan işbazların qurbanı olur. Halbuki ucuz və keyfiyyətsiz günəş eynəkləri gözləri günəş şüalarından qorumadığı kimi, gözlərin sağlamlığına da böyük təhlükədir. Heç bir keyfiyyəti təsdiq edən sənədi olmayan bu tip eynəklər görmə qabiliyyətinin zəifləməsi ilə nəticələnən katarakta xəstəliyinə səbəb ola bilər.
"İnşaatçılar" metrosunun yaxınlığında günəş eynəklərinin ticarəti ilə məşğul olan, adının çəkilməsini istəməyən satıcı optik mağazalarda satılan günəş eynəkləri ilə onun satdıqları arasında heç bir fərqin olmadığını iddia edir: "Mən də "Sədərək"dən alıram, onlar da. Əsas malı sata bilməkdir. Mən daha ucuz qiymətə satıram, optikadakılar isə 3-4 dəfə baha qiymətə müştərilərə "sırıyırlar". Məhz qiymətinin yüksək olmasına aldananlar optikada satılan eynəklərin daha keyfiyyətli olduğunu düşünürlər. Halbuki biz də, onlar da eyni mənbədən gətizdiririk".
Optik və günəş eynəkləri satışı ilə məşğul olan Lamiə Məcidova isə fərqli fikirdədir: "Düzdür, bəzi işbazlar "Binə" və "Sədərək" ticarət mərkəzindən əldə etdikləri eynəkləri maya dəyərindən çox yüksək qiymətə satmaqla insanları aldatmağa çalışırlar. Amma bu o demək deyil ki, küçə və keçidlərdə satılan eynəklər optik satış nöqtələrində satılanlarla eynidir. Biz məşhur eynək brendlərinin Azərbaycandakı təmsilçiləri ilə əməkdaşlıq edirik, onlardan mal alırıq. Çox təəssüf ki, şəhər sakinləri eynək alarkən onun gözəl çərçivəsinə və münasib qiymətinə aldanaraq düşünmədən alırlar. Nəticədə bir müddət sonra gözlərdə sulanma, qızartı, ən sonda isə bulanıq görmə kimi hallarla qarşılaşırlar. Əgər gözlərinizdə hər hansı bir problem varsa, müstəqil şəkildə eynək almazdan əvvəl həkim məsləhətinə müraciət etməyiniz daha məqsədəuyğundur".
Lamiə xanım günəş eynəkləri alarkən bir sıra nüanslara diqqət edilməsinin vacibliyindən danışdı: "Günəş eynəkləri alarkən əvvəl onun linzasının keyfiyyətinə diqqət etmək lazımdır. Linzası plastikdən olan günəş eynəkləri göz sağlamlığı üçün çox zərərlidir. Plastik linzalı eynəklər gözlərinizi ultrabənövşəyi şüalardan qorumaqda acizdir. Əgər gözləriniz günə, küləyə qarşı həssasdırsa, "Polarizə" linzalı eynəklərə üstünlük verin. Bu tip eynək alarkən onun xüsusi test vasitəsilə yoxlanılmasını tələb edin. Televizor və kompyuter qarşısında günün çox hissəsini keçirənlər üçün "Antibilik" eynəklər daha məsləhətdi. Əgər "qaş düzəldən yerdə göz çıxarmaq" istəmirsinizsə, hər addımbaşı satılan ucuz və keyfiyyətsiz eynəklərdən uzaq durun".
L. Məcidovanın sözlərinə görə, eynəklərin keyfiyyətli olub-olmadığını bilmək çox çətindir: "Eynəklərin həqiqi və ya saxta olmasını anlamaq da çox çətindir. Amma bəzən bu tip eynəklər o qədər keyfiyyətsiz olur ki, bəzi nüanslara diqqət etməklə onları ayırd etmək olar. Məsələn, əgər sizin günəş eynəyiniz qəhvəyidirsə və siz ətrafdakı hər şeyi öz rəngində görürsünüzsə, onda o keyfiyyətli eynəkdir. Yox, əgər siz hər şeyi qəhvəyi rəngdə görürsünüzsə, onda o keyfiyyətsiz və sağlamlığa ziyanlı eynəkdir. Bu tip hallar daha çox uşaqlar üçün nəzərdə tutulan günəş eynəklərində rast gəlinir. Müxtəlif rəngli və bəzəkli günəş eynəkləri uşaqlarınızın körpə yaşdan gözlərinin zəifləməsinə səbəb ola bilər".
Bütün məsləhət və təkliflərdən öncə həm optik, həm də günəş eynəyini oftalmoloq müayinəsindən sonra almağınız ən sağlam variantdır. Saxtakarların qurbanı olmamaq üçün küçə və yol kənarlarında satılan günəş eynəklərindən almayın.
"Zaman Azərbaycan"