Mətbəx sirləri: Arançini - FOTO
26 Mart 2013 07:00
Arançini 8-10 sm diametrli, adətən içi ətlə doldurulmuş, bəzən
motsarella pendiri ilə hazırlanan, qızardılmış, yaxud sobada bişirilmiş
düyü toplarıdır. Bunlar adətən yumru, yaxud konusvari formada
hazırlanır. Balaca portağala oxşadığı üçün italyanlar ona "arançini"
deyirlər.
Tərkibi:
300 q yumru düyü
100 q pendir
3 yumurta
0,5 ç.q. sarıkök
duz, istiot
200 q toyuq qiyməsi
2 x.q. tomat sousu
qızartmaq üçün bitki yağı

Düyünü qazana yığın, üstünə 800 ml su tökün. Duz, sarıkök əlavə edib düyü hazır olanadək bişirin. Əgər su buxarlanıb, amma düyü bişməyibsə, ocaqdan götürün, qapağı bağlı vəziyyətdə 10 dəqiqə saxlayın. Bu müddətdə bişəcək. Bir qədər soyudun (isti olsun).

Qiyməyə duz və zövqünüzə görə ədviyyat vurun. Pendiri xırda kubik doğrayın.
Tavaya azca yağ tökün, qiyməni əlavə edin, qaşıqla əzə-əzə 5 dəqiqə qızardın ki, hər tərəfi qovrulsun. Duz, istiot, tomat pastası və 2 qaşıq su əlavə edin. Daha 5-10 dəqiqə, qiymə hazır olanadək bişirin.
Soyumuş düyüyə 1 yumurta əlavə edib qarışdırın. 2 yumurtanı isə klyar üçün çalın. Əlinizi isladın, düyüdən götürüb ovcunuzda yastılayın, ortasına qiymə və pendir qoyun.

Sonra bundan kürə düzəldin, narın suxarıya batırın, yumurtaya, sonra yenə suxarıya və yenə suxarıya salın. Kürələri hazırlayıb bitirdikdən sonra yağda qızardın.

Əgər kürələr yağa tam batmayıbsa, hər tərəfi bərabər qaydada qızarsın deyə çevirin.
Hazır arançiniləri kağız salfetin üstünə yığın ki, yağı çəkilsin.

Nuş olsun!
Milli.Az