“Avto Baku in Gründüng Ltd”-yə idxal qadağası qoyuldu

29 İyul 2010 12:01
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları məhsulların satışı zamanı istehlakçıların və dövlətin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorumaq, məhsulların keyfiyyəti, insanın həyatı, sağlamlığı və ətraf mühitin təhlükəsizliyi sahələrində tələblərin pozulmasının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Teymur Əliyev 54 ünvanında yerləşən "Avto Baku in Gründüng Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus  ticarət müəssisəsində araşdırma aparıblar.

İdarədən Milli.Az-a verilən xəbərə görə, araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların, digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədib və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməyiblər. Bununla əlaqədar Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən "Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini  həyata  keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli  şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin  keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə" müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta  haqqında Protokol tərtib olunmuş, müəssisə rəhbəri 4000 (dörd min) manat məbləğində cərimə olunub.

Müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların rəsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilib.

Milli.Az