"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatının qalibi Azərbaycan komandaları oldu - FOTO
28 İyul 2010 17:53
"Atəşgah İntellektual Oyunlar Klubu"nun mətbuat əlaqələndiricisindən Milli.Az xəbər portalında verilən məlumata görə, üç Cənubi Qafqaz respublikasını təmsil edən ümumilikdə 54 komanda 6 oyun turuna bölünmüş 75 suala düzgün cavab tapmaqda bir-biri ilə bəhsə girib.
Qızğın intellektual mübarizə şəraitində keçməsi gözlənilən üzun sürən oyun marafonuna baxmayaraq, ilk turlardan liderliyə yiyələnərək onu əldən verməyən Balakişi Qasımovun komandası (Anar Əzimov, Adnan Axundov, Elman Talıbov, Anar Quliyev, Rauf Nəcəfli) 75 mümkün xaldan 64 xal toplayaraq, ən yaxın rəqibini 7 xal qabaqlamaqla inamlı qələbə qazanıb.
Çempionatın ikinci yeri də Azərbaycanı təmsil edən komandaya nəsib olub: son iki çempionatın qalibi Faiq Hüseynovun komandası (Emil Mədətov, Roman Orkodaşvili, Cəmilə Əzizova, Zaur Ağayev, Rüfət Abdulla) 57 xal toplamaqla ikinci yeri tutub. Gürcüstanı təmsil edən David Rapavanın komandası və erməni komandalarından biri eyni xal yığmaqla üçuncü yeri bölüşdürüblər.
"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı çərçivəsində bir sıra qeyri-rəsmi səciyyə daşıyan yarışlar da keçirilib: cepardi (fərdi, ingilis dilli və komanda), breyn-rinq və futbol. Fərdi cepardidə (Rüfət Abdulla) və komanda şəklində oynanılan cepardidə (Vüqar Zeynalov, Emil Mədətov, Əziz Mürşüdlü, Roman Orkodaşvili, Rüfət Abdulla, Rauf Nəcəfli) qələbə Azərbaycan bilicilərinin üzünə gülüb. İngilis dilli cepardidə və futbolda qələbəni gürcülər, breyn-rinqdə isə ermənilər qazanıblar.
Qeyd etmək lazımdır ki, breyn-rinq oyunu üzrə yarışın "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı çərçivəsində qeyri-rəsmi xarakter daşıması ermənilərə 5 qeyri-rəsmi nominasiyadan yalnız birindəki qələbələrini mətbuatda Cənubi Qafqaz Kubokunun onlar tərərfindən qazanılması kimi təqdim etməyə mane olmayıb. Bu hal ermənilər tərəfindən tarixin saxtalaşdırılmasının ilk halı deyil. Belə ki, 1998-ci ildə keçirilmiş I Cənubi Qafqaz Çempionatında birinci yeri Balakişi Qasımovun, ikinci yeri isə Anar Əzimovun komandalarının tutmalarına baxmayaraq, erməni biliciləri Ermənistanda özlərini ilk Cənubi Qafqaz Çempionatının qalibləri kimi təqdim etsələr də, bu yalanın üstü məşhur bilici Boris Burda tərəfindən açılmışdı.
Həmçinin onu da qeyd etmək lazımdır ki, son Cənubi Qafqaz Çempionatından əvvəl erməni tərəfinin bir sıra təxribat xarakterli hərəkətlərinin qarşısı da alınıb. Belə ki, Azərbaycan bilicilərinin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikasının bölünməz və ayrılmaz tərkib hissəsi olan Xankəndi şəhərində keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Ermənistan Çempionatının lisenziyası "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyası tərəfindən geri çağırılıb, Çempionatın nəticələrinin Assosiasiya tərəfindən qəbul edilməməsi qərara alınıb. Erməni komandaları tərərfindən son Cənubi Qafqaz Çempionatında Dağlıq Qarabağın erməniləşdirilmiş toponimlərinin komanda adı kimi istifadə edilməsi də onlara qadağan edilib.