Sənin duan - sənin dəyərin

16 Mart 2013 23:53
Əzilirik, tapdanırıq, kiçilirik, bir də görürük ki, adi, bəsit bir şey üçün ayaqlar altına sərilmişik, qula qul olmuşuq. Amma düşünmürük ki, əsl yalvarılmalı ünvan insan deyil, insana hər cür naz-neməti, sərvəti verən Allahdır. İnsana yalvarmaq nə qədər acizlik, kiçiklik, zəiflikdirsə, Allaha yalvarmaq o qədər böyüklükdür. İnsan insana yalvardıqca  dəyərdən düşər, Allaha yalvardıqca dəyər qazanar.
 
Dua - Allaha yalvarmağın, Ona dərdini söyləməyin və xeyirli bir çıxış yolu istəməyin adıdır.

Dua - qul ilə Allah arasında körpüdür.

Dua - qulun Allah-Təalaya dönməsi və Onun mərhəmət qapısını döyməsidir.

Dua - öz acizliyini etiraf etmək, Allahının böyüklüyünə təslim olmaqdır.

Dua - doğru ünvanı tanımaqdır, həqiqi gücü görə bilməkdir. Allaha yalvarmaq bütün sərvətin, naz-nemətin Ona məxsus olduğunu ruhu ilə, könlü ilə təsdiq etməkdir. Allaha yalvarmaq bütün xeyirlərin, bütün çarələrin, bütün qurtuluşların Ondan gəldiyinə inanmaqdır.

Dua - qul üçün açılmış ən kəsə, ən qısa və Haqq dərgahına yetişən yoldur. Allah-Təala: "Duanız olmasaydı, sizə nə deyə dəyər verərdim?" buyurur. Yəni hər kəsin dəyəri onun duasının dəyəri nisbətindədir. Zülmdən gərilmiş insanın öz dərdini Allah-Təalaya izhar edib çarə diləməsi ilə bir kef məclisində "Allah səni xoşbəxt eləsin" deməyin dərəcəsi eyni olmadığı kimi, qarşılığı da eyni olmayacaq. Allah-Təala məzlumun, yetimin, yolda qalanın, haqsızlıq qarşısında gərilmiş və Allahdan başqa kimsədən çarə diləməyənin duasını tez qəbul edər.

Dua - möminin günahlara qarşı silahıdır. Bəlaların qarşısını kəsən bir sipərdir.

Dua - qullar üçün Allah-Təalanın (c.c.) dərgahına açılan bir qapıdır, təvəkküldür

Dua - ibadətin özüdür. Namaz da duadır, oruc da duadır, möminin bütün həyatı duadır.

Dua - Allaha təslimiyyət və bütün varlığı "Yalnız Səndən mədət umaram, yalnız Sənə tapınaram" həqiqətinin ifadəsidir. "Məni Özündən başqa kimsələrə möhtac eləmə" diləyidir dua.

Duanın da ədəbi var. Allah-Təala Öz qullarına çığır-bağırtısız, reklamsız-filansız, səssizcə dua eləməyi buyurur, yəni duanın gücü onun ifadə formasında deyil, dua edənin səmimiyyətindədir. Həzrəti-İbrahim mancanaqla oda atılırdı,  havada alova doğru süzərkən mələklər ona yaxınlaşdılar, "bir istəyin varmı?" soruşdular. Ruhunu büsbütün Allaha bağlamış Həzrəti İbrahim: "Allah mənə yetər, mənim halımı O bildisə, başqa kimsəyə bir şey söyləmərəm, Ondan başqa kimsədən nicat diləmərəm" cavabını verdi. Yəni Ondan nə gəlsə, xoşdur, narı da (odu da) xoş, nuru da xoş. Bu təslimiyyətin,  duanın qarşısında Allah-Təala dağ boyda alovu Həzrəti-İbrahim üçün gülüstana çevirir.

Hər şeyini itirmiş Həzrəti Əyyub (ə.s.) xəstəlikdən dili titrəyəndə və huşunu itirmək dərəcəsinə gələndə: "Allahım, zərər indi mənə toxundu" deyib, halını uca Rəbbə ərz edir: Mən özüm üçün heç bir şey istəmirəm, mənə dilimi ver, Səni zikr edim, mənə şüurumu ver, Səni təfəkkür edim, başqa heç nə gərəyim deyil.

Həzrəti Yusif zindanda ikən yanındakılardan birinə dedi ki, sən azadlığa çıxanda padşaha məndən bəhs edərsən. Deməyinə dedi, amma heç bir an keçmədən alnını yerə qoyub, Allahdan əff dilədi. Çünki özünü suçlu hesab edirdi, Allahdan qoyub, başqasından yardım diləmək fikrinə düşmüşdü.

Gözləri görməyən bir səhabə  Rəsulullahın (s.ə.s.) yanına gəlir və:

- Ey Allahın Rəsulu, dua elə gözlərim açılsın, - deyir. Allah Rəsulu isə:

- Sənin bu halına şükür edərək yaşamağın sənin üçün daha xeyirlidir, - cavabını verir. Adam israr etdikdən sonra Rəsulullah dua edir və onun gözləri açılır. Amma Rəsulullahın söylədiyinin daha doğru olduğuna kimsə şübhə eləməz. Çünki onun həyatı bu cür təslimiyyət mənzərələri ilə dolu idi.

Həzrəti Fatimədən (r.a.) başqa, bütün övladlarını öz əli ilə dəfn elədi. Amma bir dəfə də "Allahım, bu körpəmi mənə bağışla" deyə dua eləmədi. O, təslimiyyətin misilsiz örnəyidir. Həyatının hər anı, hər addımı duadır.

Bir işi başlayarkən "Bismillah!" demək də duadır, yəni Allahı çağırırsan və Ondan xeyir-bərəkət diləyirsən. Rast gələndə "Salamun-əleyküm" demək də duadır, yəni Allah səni hər cür xətadan-bəladan qorusun, əmin-amanlıq içində tutsun, bizi doğru yolda birləşdirsin!

 Duaların ən gözəli "Allah səndən razı olsun!" deməkdir. Çünki Allahın rizasına qovuşmaq üçün nə bir dərd qalar, nə bir sıxıntı. Allah sənə dost olsun, Allah səni sevsin, dünyanın düşmən olmasından nə çıxar ki? Hər işində Allahın rizasını düşünərsənsə, Allah-Təala da düşmənlərini sənə dost edər.

Dualar həm dillə olur, həm də əllə. Yəni bir şeyin başa gəlməsini istəyirsənsə, onun üçün Allaha dua etdiyin kimi, gərək lazım olan səbəbləri də yerinə yetirəsən. İmtahanları uğurla verib, universitetə girmək istəyən Allahdan uğur diləməklə yanaşı, həm də dərslərinə möhkəm hazırlaşmalıdır ki, səbəbləri yerinə yetirmiş olsun.

Zəngin olmaq istəyən gərək düşünsün, nəyi alıb, nəyi sataraq sərvət əldə edə biləcəyini dəqiqləşdirsin, çox çalışsın, fəal olsun, yəni istəyinə qovuşmaq üçün başqalarına haqsızlıq etməmək şərtilə əlindən gələni eləsin. Yoxsa, yanı üstə yatdığın yerdə elə hey "Allah, mənə pul yetir" - deyə yalvarmaq özünü aldatmaqdır. Əslində Allah-Təala sənə istədiyi yerdə, istədiyi qədər sərvət verər, Onun qüdrəti qarşısında heç bir əngəl yoxdur, amma sən səbəbləri yerinə yetirməlisən. Müsəlman heç zaman aciz olmamalıdır. Sənin üçün doğru olan budur. Səbəbləri yerinə yetirəndən, çalışıb-vuruşandan sonra da Allahdan gələn nəticəyə razı olmaq təvəkkül məqamıdır və düşünəcəksən ki, ən xeyirlisi elə bu imiş.

Duada tərəddüd olmaz, insan istəyində də: "Allahım, mənim üçün xeyirlisi nədirsə, onu nəsib eylə" deməlidir. İnsan bəzən duası ilə özünə bəla istəyir. Sədi Şirazidən ibrətli bir hekayət danışaq: uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadyanalıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki hər şeyi təsəddüq edəcək. Mən də onun duasına "Amin!" deyib, səhərisi gün evindən ayrıldım. Aradan 15 il keçəndən sonra yenə yolum həmin şəhərə düşdü və dostumun evinə üz tutdum. Evin yerində uçuq bir xarabalıq vardı. Qonşulardan onu soruşdum. Ah çəkib belə dedilər: "Onun bir oğlu vardı ki, yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Vurub padşahın vergi məmurlarından birini öldürdü, özü də qaçıb gizləndi. Atasını aparıb zindana salıblar, anasının da ürəyi dərddən partlayıb öldü".

Bu sözləri eşidəndə barmağımı dişlədim və ürəyimdə dedim: "Bu bəlanı o özü Allahdan istəmişdi".

İnsan Allah-Təaladan övlad istəyəndə oğlan, qız deyə ayrı-seçkilik qoymasın, xeyirli övlad istəsin. Ümumiyyətlə, hər işdə belədir. Bir işi Allah-Təaladan istəyəndə: "Allahım, əgər mənim üçün xeyirlidirsə, onu mənə qismət elə" deməlidir. Yoxsa, çoxumuz o rəvayətdəki ata kimi özümüzə dərman yerinə, zəhər istəmiş olarıq.

Duanın daha tez qəbul olunduğu məkan və zaman kəsimləri də var. Həcc ziyarətində, məsciddə, namazdan sonra, ağzıoruclu ikən edilən duanın qəbulolunması çoxdur. Peyğəmbərimiz də bir hədisi-şərifində buyurur ki, yetimlərin, zülmə uğramışların və anaların duası ilə Allah-Təala arasında heç bir pərdə yoxdur.

Dua Allah-Təalanın mərhəmət qapısının zəngini çalmaqdır; Allaha sığınmaqdır; Ondan mədət ummaqdır; Sən olan yerdə mən kimsəyə əl açmaram deməkdir; məni Özündən başqa kimsəyə möhtac eləmə təmənnasıdır;

Heç diqqət yetirmisinizmi, Həcc ziyarətinə gedənlər bir ağızdan: "Ləbbeyk Allahummə, Ləbbeyk" deyirlər. Bilirsinizmi, nə deməkdir? - Yəni əmrindəyəm, hüzurundayam, qarşındayam, Sənə sığınmışam, Sənin dərgahına gəlmişəm, Sənə pənah gətirmişəm, Allahım!

Dilinizdən duanızı əskik eləməyin. Hər addımda həm özünüz, həm də sevdikləriniz üçün dua edin. Allah-Təalanın buyurduğu kimi, hər kəsin dəyəri elə onun duaları qədərdir. Dəyəriniz yüksək olsun!

"Zaman Azərbaycan"