"Vahid bank"ın əmanətçilərinin pullarını qaytarmağa ümidi varmı?

12 Mart 2013 11:40
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:

"Zəhmət olmasa, vətəndaşların "Vahid bank"a qoyduqları əmanətlərin geri qaytarılması məsələsini qaldırın. Bizim ailənin beş üzvünün həmin bankda hesabı var idi. O pulların geri qayıtmasına ümid varmı?"

Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov Rüfət Quliyev, İqtisadi araşdırmalar mərkəzinin sədri Qubad İbadoğlu ilə əlaqə saxlayıb.

V.Əhmədovun sözlərinə görə, "Vahid bank" özəl bank idi və dövlətlə heç bir bağlılığı yox idi.

"Bu banka qoyulmuş əmanətlərin geri qaytarılması parlamentdə müzakirə olunmayıb. Həmin əmanətlərin geri qaytarılması məsələsi gndəlikdə yoxdur", - o əlavə edib.

Rüfət Quliyev isə deyib ki, həmin məsələ parlamentdə qaldırılmayıb. Onun sözlərinə görə, seçicilər də belə məsələ ilə bağlı heç vaxt ona müraciət etməyiblər.

"Hüquqi cəhətdən dövlət özəl şirkətin əməllərinə görə məsuliyyət daşıya bilməz. Pulların mənimsənilməsi faktı ilə bağlı "Vahid bank"ın rəhbəri həbs olunub. Bu cür hallar o vaxt başqa MDB ölkələrində də olub", - o qeyd edib.

Ekspert Qubad İbadoğlu da bildirib ki, "Vahid bank"a qoyulan əmanətlər qaytarılmayacaq.

"Məsələ burasındadır ki, vəsaitin mənimsənilməsi ilə bağlı istintaq tədbirləri həyata keçirilib. Bankın rəhbəri dələduzluğa görə məsuliyyətə cəlb olunub. İnanmıram ki, bu məsələ nə vaxtsa müzakirəyə çıxarılsın. "Vahid bank"a qoyulan əmanətlərin qaytarılması dövlətin məsuliyyətinə daxil deyil", - o qeyd edib.

Milli.Az