Gəncənin Nizami kinoteatrı əsaslı təmir olunacaq
5 Mart 2013 15:13
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərdə bir sıra mədəniyyət ocaqları da təmir edilir. Bu il isə Nizami kinoteatrının əsaslı təmir olunması nəzərdə tutulur.
Gəncənin aparıcı mədəniyyət müəssisələrindən hesab olunan geniş ekranlı Nizami kinoteatrı 1958-ci ildən fəaliyyət göstərir. Kinoteatrın hər biri 300 yerlik olan 2 zalı var və bina 1986-cı ildən indiyədək təmir edilmədiyindən, demək olar ki, istifadəyə yararsız
vəziyyətə düşüb. Yalnız 2002-ci ildə daxili imkanlar hesabına binada bəzi təmir işləri görülüb.
Nizami kinoteatrının direktoru Aydın Məmmədov: "2012-ci ilin avqust ayında Bakı şəhərindən Layihə İnstitutundan bura yoldaşlar gəldilər. Bir gün axşama kimi kinoteatrın özündə, ətrafında çəkiliş apardılar, özlərinə nə sənəd lazımdısa, ölçdülər- biçdilər ki, yaxın müddətdə bu kinoteatr təmir olunacaq. Bu il üçün təmir olunması nəzərdə tutulub. Yəqin ki, təmir zamanı içərilərdə dəyişiklik olunacaq. Bura tək kinoteatr kimi olmayacaq. Müəyyən oyunlar üçün yerlər və bar da fəaliyyət göstərəcək".
Qeyd edək ki, vaxtilə Gəncə şəhərində 5 böyük kinoteatr və 25 kino qurğu fəaliyyət göstərib. İndi isə onlardan yalnız Nizami kinoteatrı qalıb.
Milli.Az