Bakıda 7-ci Qafqaz Beynəlxalq "Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi keçiriləcək

4 Mart 2013 11:14
Trend bildirir ki, aprel ayının 4-dən 6-dək Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - "HOREX Caucasus 2013" 7-ci Qafqaz Beynəlxalq "Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi keçiriləcək. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkəti çıxış edirlər.

Son illər Azərbaycanda mehmanxana sahəsində yüksək inkişaf müşahidə olunur. Bakı şəhərində, eləcə də regionlarda yeni və müasir standartlara cavab verən müxtəlif növ otel və mehmanxanalar tikilmişdir və bu proses hazırda da davam etdirilir.

Qonaqpərvərlik sahəsində bu cür fəallığın təzahürü şirkətlərin yüksək səviyyəli turizm xidmətlərini ehtiva edən müasir təmayülləri və yeni texnologiyaları nümayiş etdirdikləri ixtisaslaşdırılmış sərginin keçirilməsinin aktuallığını bir daha sübut edir.

"HOREX Caucasus 2013" sərgisində mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün öz məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək.

Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu otellərdən tutmuş "fast-food" sistemində fəaliyyət göstərən müəssisələrə qədər müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar, restoranlar üçün qab-qacaq və şüşə materiallar, təmizlik vasitələri və müasir təmizləmə avadanlıqları, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı və digər məhsullar nümayiş etdiriləcək.

Sərginin ekspozisiyasında supermarketlər üçün alış-veriş arabaları və müxtəlif səbətlər kimi avadanlıqlar da təqdim olunacaq. "Otel, restoran və kafelər üçün içkilər" ("HoReCa") bölümündə isə şərab, məşhur brendlərin istehsalı olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş etdiriləcək.

Sözügedən sərgi Azərbaycanın regionlarından olan əksər mehmanxanalarının iştirak etdiyi "AITF-2013" Azərbaycan Beynəlxalq "Turizm və səyahət" sərgisi ilə eyni meydançada keçiriləcək. Sərgilərin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə "HOREX Caucasus 2013" sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün unikal imkan yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar və ustad dərsləri ("master klass") keçirəcəklər və burada iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər.

Beləliklə, Azərbaycanda sürətlə inkişaf edən turizm və mehmanxana biznesinin tələblərini əks etdirən "HOREX Caucasus" sərgisi üç gün ərzində ölkəmizdə mehmanxana və restoran sənayesinin peşəkarları üçün ideal iş meydançasına çevriləcəkdir.

Milli.Az