Bərdədə futbolun vəziyyəti necədir?
27 Fevral 2013 20:32
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, 2005-ci ildə "Azərbaycan Birliyi Naminə" futbol klubu yarananda bütün Bərdə əhli birləşib "Pambıqçı"nın davamçısını dəstəkləməyə başladı. Hərçənd hazırda "ABN" adlanan klubun "Pambıqçı" ilə heç bir əlaqəsi olmayıb. 2005-2006-cı il futbol mövsümündə birinci dəstədə çıxış edən "ABN" iddialı komanda sayılmırdı və klub rəhbərliyinin əsas hədəfi Bərdədə futbolu yenidən populyarlaşdırmaq idi. Lakin növbəti mövsüm adına "Bərdə" sözünü əlavə edən "ağ-yaşıllar" gücləndilər və elitaya vəsiqə uğrunda mübarizə apardılar. Planlar baş tutmadı: "ABN-Bərdə" pley-off yarışlarında 6 komanda arasında 4-cü olmaqla iddiasını azı birillik təxirə salmalı oldu.
Ancaq həmin ərəfədə yüksək liqadakı İmişli klubu futbolla vidalaşdı, birinci dəstədə 3-cü olan "Göyəzən" pulunun olmadığını önə çəkib elitadan imtina etdi və Bərdə azarkeşləri 9 illik fasilədən sonra güclülər dəstəsinin abı-havası ilə nəfəs almaq imkanı qazandılar. Amma artıq "ABN-Bərdə" adlı bir klub tarixin arxivinə gedib. Elə gördüyünüz bu stadion da artıq belə getsə, "Azərbaycan Birliyi Naminə" klubu kimi tarixə qovuşacaq. Çünki bir vaxtlar bölgənin ən yaxşı idman meydançalarından sayılan bu stadion indi biganəliyin və baxımsızlığın qurbanına çevrilməkdədir.
Xatırladaq ki, o zamanlar 5000 azarkeş tutumuna malik bu stadionun yararsız vəziyyətdə olması bərdəli futbol azarkeşlərini də məyus edir. Onlar inanmaq istəyirlər ki, adiyyatı qurumlar gələcəyin istedadlı futbolçularının yetişməsi naminə bu stadionun əsaslı şəkildə yenidən qurulmasına öz dəstəklərini verəcəklər.
Milli.Az