Bakıda keçiriləcək futbol üzrə dünya çempionatı müzakirə olunub

27 Fevral 2013 19:10
Gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum ilə bu ilin yayında Bakıda keçiriləcək hərbçilər arasında futbol üzrə birinci dünya çempionatını müzakirə edib.

Trend-in məlumatına görə, Azad Rəhimov görüşdə bildirib ki, Azərbaycanın mötəbər tədbirlər keçirilməsi ilə bağlı artıq kifayət qədər təcrübəsi var. Onun sözlərinə görə, ötən il 17 yaşlı qadınlar arasında dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Rəhimov gələn il Azərbaycanda Beynəlxalq Jurnalistlər İttifaqının konqresinin, həmçinin qarşıdan gələn illərdə də böyük mötəbər yarışların keçiriləcəyini vurğulayıb. Nazir deyib ki, hazırda Azərbaycanda yeni nəhəng idman infrastrukturunun tikintisi aparılır.

Hamad Kalkaba Malboum görüşdə vurğulayıb ki, Azərbaycan gənc ölkə olmasına baxmayaraq, idman sahəsində fantastik nəticələrə imza atıb. O qeyd edib ki, rəhbərlik etdiyi Şura dünyada hərbçilər arasında dostluğa xidmət etməyi qarşısına məqsəd qoyub. Malboum Bakıda keçiriləcək dünya çempionatının da hərbçilər arasında dostluq körpüləri salacağına əmin olduğunu bildirib.

O qeyd edib ki, artıq Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək üçün 16 komandadan 15-nin adı müəyyənləşib. 1 lisenziyanı isə növbəti bir Avropa komandası qazanacaq. Qeyd edək ki, artıq Avropadan Almaniya və Fransa iştirakçılar sırasında yer alıb.

Milli.Az